“Prezident Kuboku-2024” iştirakçılarının rəsmi paradı olub
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək komandaların rəsmi paradı olub.
Mediasport.az xəbər verir ki, şəhərin mərkəzində təşkil olunan paradda Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, İspaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Macarıstan, Serbiya, Tacikistan, Ukrayna, Estoniya, Sloveniya, Xorvatiya və Özbəkistan komandaları iştirak ediblər.
Şəhər sakinlərinin böyük coşqu ilə qarşıladığı paradın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, turnirdə iştirak edən xarici federasiyaların rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatasına 20-dən çox ölkədən 30-a qədər komanda qatılacaq. Yarışlar mayın 1-i Suqovuşanda start götürəcək, 2-3 may tarixində Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Mayın 3-də Mingəçevirdə yarışın bağlanış mərasimi olacaq. Əvvəlcə qaliblər mükafatlandırılacaq, kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Reqataya atəşfəşanlıqla yekun vurulacaq.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.