"Rabitəbank"ın rabitəsiz əlaqəsi - Sponsorluq niyə, nə üçündür?
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) "Rabitəbank"la sponsorluq müqaviləsi bağladığını xəbər vermişdik.
Detallar barədə məlumat açıqlanmasa da, bankın ad və loqosunun Azərbaycan Premyer Liqası oyunlarına təyinat alacaq hakimlərin formalarının üzərinə həkk ediləcəyi bildirildi.
Bu cür iş birlikləri, əslində, normal futbol ölkələrində aidiyyəti idman növünün inkişafı və perspektivlər baxımından ciddi, sanballı əhəmiyyət kəsb edir. Futbol prizmasından məhz hakimlərə sponsorluq məsələsi ən sonda atılacaq addım olsa belə. Amma bizdə...
Azərbaycan futbolunda bu gün bərbadın altında olan ən birinci fəaliyyət(sizlik) hakimlik sahəsindədir.
Texnologiyaların işıq sürətilə inkişaf etdiyi zamanda mümkün innovasiyalardan yararlanmaq imkanı qazanan ədalət təmsilçilərimizin Türkiyə Futbol Federasiyasının binasına yaxın buraxılmayan Barış Şimşəyin rəhbərliyi altında Premyer Liqa oyunlarında verdiyi rüsvayçı qərarlar, çıxardığı hoqqaların sayı-hesabı yoxdur.
Bilərəkdən, yaxud bilməyərək, qərəzli və ya səhv qərarların verilməsindən asılı olmayaraq, bu gün Azərbaycan futbolunda mənfi mənada ən çox müzakirə olunan hakimlik üçün ciddi, nüfuzlu bankın sponsorluğa maraq göstərməsi...Baş açılası mətləb deyil.
Soruşmaq ayıb olmasın, pulu yerdən yığırsız? Bu, nə məntiqsizlikdir?!
Nə illah eləsən, bir göz qırpımında - mətbuat nümayəndələrindən oğrun həyata keçirilən rəsmi tərəfdaşlıq törəni və əməkdaşlığın ən yüksək - hər iki qurumun rəhbərliyi səviyyəsində yol alması özündə cavabsız suallar toplusu yaradır.
Bu, nə anlaşmadır? Nəyin reklamıdır? Ümumiyyətlə, bərbad vəziyyətdə olan hakimlik fonunda "Rabitəbank"ın rabitəsiz əlaqəsinin açması, altda yatan məramı-niyyəti nədir?
Standart Azərbaycan reallığı - sual çox, cavab yox...
Əməkdaşlıq uşaq futbolunun inkişafına, yaxud Azərbaycan futbolunun infrastruktur perspektivinə hesablansa, üç əllə alqışlayar və dəstəkləyərik. Bu gün ölkə futboluna cavabdeh qurumun normal, düz-əməlli bir akademiyası yoxdur, qalan heç nəyi misal çəkmirik.
İstənilən halda texnoloji, ən müasir imkanlar fonunda Azərbaycan Premyer Liqası matçlarında edilən biabırçı səhvləri göz önünə sərsək, hakimlərlə (!) sponsorluq müqaviləsi, hardan baxsan, adamda gülüş doğurur.
Mediasport.az