Qılıncoynadanlarımız Buxarest turnirində çıxışlarını başa vurub

Qılıncoynadanlarımız  Buxarest turnirində çıxışlarını başa vurub

Yeniyetmə sablyaçılarımız Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən “Riposta Cup” turnirində çıxışını başa vurub.

Azərbaycan Qılıncoynatma Federasiyasından Mediasport.az saytına verilən məlumata görə, oğlan sablyaçıların şəxsi yarışında ən yaxşı göstərici 150-dən çox iştirakçı arasında 11-ci olan Nahid Məmmədliyə məxsusdur.

Timur Husnaddinov, Abbas Hüseynov və Rəsul Əliyev isə ümumi sralamada ilk 50-likdə yer almağı bacarıb.

Qız sablyaçıların şəxsi yarışında 140 iştirakçı arasında iki qılıncoynadanımız ilk 20-likdə yer alıb. Valentina Zeynalova ümumi sıralamada 16, Züleyxa Sultanlı 19-cu olub. 

Yeniyetmə qız sablyaçıların komanda yarışında Valentina Zeynalova, Leyla Əhmədova,Fərəh Abasova və Züleyxa Sultanlıdan ibarət yığmamız ilk görüşündə Bolqarıstanı təmsil edən seçmə kollektivi 45:18 hesabı ilə məğlub edib. Növbəti görüşdə Rumıniya yığmasına 45:32 hesabı ilə qalib gələn yeniyetmə qız sablyaçılarımız finala yüksəlmək uğrunda keçirilən görüşdə Böyük Britaniya komandasına 28:45 hesabı ilə uduzub.

Rəsul Əliyev, Abbas Hüseynov,Nahid Məmmədli və Timur Husnaddinovdan ibarət sablya üzrə yeniyetmə oğlan sablyaçılarımız ümumi sıralamada beşinci olub. 

İlk görüşündə Bolqarıstan yığmasına 45:39 hesabı ilə qalib gələn komandamız  yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Rumıniya millisinə 44:45 hesabı ilə uduzub.