"Düşünürdük ki, San Marino millisi qrupun ən zəif komandasıdır"

 "Düşünürdük ki, San Marino millisi qrupun ən zəif komandasıdır"

Avropa çempionatının ilkin mərhələsində iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi növbəti mərhələyə vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, 4 xal toplayan və qrupu lider kimi tamamlayan komandamız martda əsas mərhələdə Xorvatiya, Bosniya və Herseqovina və Türkiyə ilə üz-üzə gələcək.

U-19 yığmamızın üzvü Nazim Hüseynov San Marino ilə görüşdən sonra federasiyanın mətbuat xidmətinə çıxışları barədə fikirlərini bildirib:

“Oyun gözlədiyimizdən daha çətin keçdi. Ola bilsin, biz ardıcıl 2 gün ərzində iki oyuna çıxmağımız yorğunluğa səbəb oldu. Həm də Kosovo - San Marino görüşünü izləmişdik, düşünürdük ki, San Marino qrupun ən zəif komandasıdır. Bu da müəyyən qədər arxayınlıq yaratmışdı. Düzdür, məşqçilər diqqətli olmağımızı, bu görüşün əvvəlkindən daha çətin keçəcəyini deyirdilər. Çünki rəqibimiz həm bir gün artıq istirahət etmişdi, həm də itiriləsi heç nəyi qalmamışdı. Çox şükür, vacib olan xalı qazandıq".

Gənc futzalçı qarşıya qoyulan məqsədə çatdıqları üçün xoşbəxt olduqlarını deyib:

Bura birinci yeri tutmaq və mərhələ adlamaq üçün gəlmişdik. İkinci görüşdə qələbə qazana bilməsək də, yekunda qarşıya qoyulan məqsədə nail olduq. Yeri gəlmişkən, bu gün (dünən) atamın doğum günüdür. Çox istəyirdim qol vurum və ona hədiyyə edim. Bunun üçün şansım da oldu, təəssüf ki, zərbədən sonra top qapı dirəyinə dəydi. İstənilən halda, mərhələ adlamağımız da uğurdur və atamı bununla təbrik edirəm".

Hüseynov əsas mərhələdə daha güclü rəqiblərlə qarşılaşacaqlarını vuğulayıb:

"Ona qədər azı 2 ay vaxtımız var. Həm Yüksək Liqada oyunlarımız olacaq, həm də yaxşı hazırlıq keçəcəyik. Ümid edirəm ki, əsas mərhələdə də qazanacağımız xallarla futzal ailəsini sevindirəcəyik”.