AKF-nin 2024-cü ilin yekunlarına dair ümumi yığıncağı keçirildi
Azərbaycan Karate Federasiyasının 2024-cü ilin yekunlarına dair ümumi yığıncağı keçirilib.
Mediasport.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ötən ilin yekunları ilə bağlı danışan Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev qazanılan uğurlar barədə məlumat verib. İdmana dövlət tərəfindən daim diqqət və dəstək göstərildiyini vurğulayan federasiya rəhbəri bildirib ki, bu qayğını hər zaman yüksək qiymətləndirmək lazımdır.
O, yeni ildə idmançılardan daha böyük uğurlar gözlədiyini diqqətə çatdırıb.
AKF-nin vitse-prezidenti Füzuli Musayev 2025-ci ilin idmançılar üçün daha uğurlu keçəcəyinə inandığını bildirib.
Baş katib Qabil Sayadov federasiyanın ötənilki fəaliyyəti ilə bağlı hesabat verib.
Sonra ötən ilin ən yaxşıları, eləcə də karate idman növünün işıqlandırılmasında yaxından iştirak edən media qurumları mükafatlandırılıb. Mükafatçılar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi də olub.