Şeron Stounu da geridə qoymuş əfsanəvi hakim Tofiq Bəhramovun anadan olmasından 100 il ötür
Bu gün Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun anadan olmasından 100 il ötür.
Dünya futbolunda iz buraxmış nadir azərbaycanlı 1925-ci il yanvarın 29-da Bakıda anadan olub.
O, 1951-ci ildən SSRİ çempionatlarının, 1964-cü ildən isə beynəlxalq oyunlara təyinat almağa başlayıb. Keçmiş SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi tarixə düşüb.
İki oyunda baş hakim, 6 oyunda yan xətt hakimi olub.
Futbolçu karyerasına 1940-cı ildə başlayıb, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin ayağından aldığı zədə səbəbindən futbolçu karyerasına erkən başa vurub.
1992-ci ildə Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) yaradılanda o, Hakimlər Komitəsinin sədri, daha sonra qurumun baş katibi olub. Nikolay Latışevdən sonra Dünya Kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa Kubokunun final oyununu idarə etmiş birinci sovet hakimidir.
O, həmçinin keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referidir. Bundan başqa, 1972-ci ildə "Ayaks" (Niderland) - "İndependyente" (Argentina) arasında baş tutmuş Qitələrarası Kubokun final görüşünü idarə edib.
1993-cü ildə dünyasını dəyişmiş Tofiq Bəhramov dünya futboluna adını 1966–cı ildə qızıl hərflərlə yazdırıb. İngiltərədə keçirilən 8–ci dünya çempionatının finalında meydan sahibi komandanın lehinə qətiyyətlə verdiyi obyektiv qərar təkcə məşhur "Uembli" stadionuna toplaşmış 98000 tamaşaçının deyil, milyonlarla futbol azarkeşinin yaddaşına həkk edilib.
Həmin final görüşündən sonra Böyük Britaniyanın kraliçası II Elizabet ona "Qızıl fit" mükafatını şəxsən təqdim edib (fotoda-red.). O, dünyada bu mükafata layiq görülən yeganə laynsmanndır.
Tofiq Bəhramov 1970-ci il dünya çempionatına da dəvət almaqla, əsas duellərdən birində - Braziliya - Uruqvay arasında yarımfinal qarşılaşmasının baş hakimi olub.
Azərbaycanlı əfsanə haqqında sənədli film də çəkilib.
Maraqlı faktlardan biri odur ki, məşhur "Freeview Playback" şirkəti Böyük Britaniya sakinləri arasında "Siz bəşəriyyət tarixində hansı stop-kadrı ən məşhur hesab edirsiniz?" sualı əsasında sorğu keçirib: Respondentlər Ceff Herstin 1966-cı ilin finalında vurduğu qolu birinci, Tofiq Bəhramovun həmin matçda qərarını ikinci, dövrünün möhtəşəm ekran əsərlərindən, 1992-ci ildə amerikalı Co Esterhazın ssenarisi əsasında çəkilmiş "Əsas instinkt" filmində Şeron Stounun ayaqlarının yığılması epizodunu isə üçüncü yerə layiq görüblər.
Böyük Britaniya kraliçası II Elizabet 1966-ci il dünya çempionatında Tofiq Bəhramovu mükafatlandırır.
Mediasport.az