Federasiya prezidentindən Rafael Ağayev haqqında AÇIQLAMA
"İctimai birlikləri bizimlə çalışmağa, yükümüzü bölüşməyə dəvət edirik. Onlarla birlikdə işləməyə, kimliyindən və idman nəticəsindən asılı olmayaraq, hər tərəfli əməkdaşlıq etməyə hazırıq".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Ülvi Quliyev jurnalistlərə açıqlamasında deyib.
O, AKF-nin bu gün keçiriləcək İdarə Heyətinin iclasında təşkilati məsələlərə baxılmayacağını bildirib:
“Əvvəllər 18-ə yaxın karete federasiyası mövcud olub. İndi isə yalnız AKF-dir. Hazırda 18 birlik federasiyanın nəznində fəaliyyət göstərir. Ona görə də maddi və mənəvi baxımdan çətinliklər çoxdur”.
Bu gün start götürən Vətən müharibəsi şəhidi Elzar Yusubovun xatirəsinə həsr olunmuş karate turnirindən də söz açan federasiya rəhbəri yarışda 300-ə yaxın idmançının iştirak etdiyini söyləyib:
“Elzar Yusubov 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Hər bir şəhidimiz bizim qəhrəmanımızdır. Şəhidlər hər zaman qürur mənbəyimiz, fədakarlıq simvolumuzdur. Biz həmişə çalışırıq ki, şəhidlərimizin adını uca tutaq və əbədiləşdirək, onların əziz xatirəsinə həsr olunmuş yarışlar keçirək. Bu gün burada şəhidimizin adını ehtiramla anaraq gələcək nəsillərə bu estafeti ötürmək istəyirik ”.
Federasiya rəhbəri bugünlərdə açıqlama verən Rafael Ağayev haqda da danşıb:
"Dünyada nadir nəticələrdən biri də məhz ona məxsusdur. Hazırda karatedə çıxış etməsə də, hər zaman onu dəyərləndiririk. Hamı bilməlidir ki, idman dövlətin dəstəyi və qayğısı ilə əhatə olunub. Bu olmasa, inkişaf mümkünsüzdür.
Azərbaycan Karate Federasiyası ictimai birlikdir. Qurumun bəlli büdcəsi var. Hazırda sponsorumuz yoxdur. Gənclər və İdman Nazirliyi bizə dəstək göstərir. Büdcəmiz nəyə icazə verirsə, hamıya maddi və mənəvi dəstək verməyə çalışırıq. Nəyə gücümüz çatırsa, titullu idmançılarımıza dəstək olmağa hazırıq. Federasiyanın imkanları limitlidir. Bunlar anlayışla qarşılanmalıdır".