"Bu cür komandalardan ehtiyat etmək lazımdır" - Qurban Qurbanov
"Futbolçularıma təşəkkür edirəm. Son dəqiqələrdə tam istədiyim oyun oldu. Oyunu iki hissəyə bölərdim. İlk hissədə və ikinci hissənin əvvəlində temp aşağı idi".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 16-cı turunun "Sabah"la səfər görüşü haqda danışıb.
1:1 hesablı heç-heçəni şərh edən məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Rəqib ilk dəqiqələrdə fərqli oyun üslubu seçmişdi. Bizim futbolçular da o tempə öyrəşdilər. İkinci hissədə azarkeşlər üçün daha maraqlı futbol oldu. Rəqibin hücum xətti çox bacarıqlıdır. Bu gün hər iki komanda qalib gələ bilərdi. Bəlkə də ədalətli nəticə bərabərlikdir. Ağır qrafikdəyik. Futbolçularda bir az yorğunluq hiss olunur.
Heyətdə rotasiyalar etməyinizin səbəbi nə idi?
- "Qəbələ" ilə kubok matçında da dəyişikliklər etmişdik. Futbolçulara görə bir az ehtiyatlanırıq. Kevin Medina fiziki cəhətdən ən hazırlıqlı oyunçularımızdan idi. 2 oyunu 90 dəqiqə oynadı və əzələ problemi oldu. Avropa oyunlarında temp başqadır. Bu gün bəlkə də hücum xəttini gücləndirməli idim, amma Bədavini Bəhlulla əvəzlədim. Heç bir futbolçunu ritmdən salmaq istəmirik. Futbolçuların durumuna görə belə addım atmışdıq.
Sanki Yassin Benzia bu gün dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Bu, nə ilə bağlı idi?
- Sistem öz yerində idi. Sadəcə, o zonaya Benzianı çəkdik. Standart vəziyyətləri düşünürdük. Onu başqa matçlarda da həmin mövqedə oynatmışıq.
Vasili Berezutski sizi təəccübləndirə bildi?
- Mənim hər hansı fikir söyləməyim hələ tezdir. Onun meydandakı düşüncələrini görmək üçün qarşıdakı oyunları izləməliyik. Düzünü desəm, heyəti görəndə bir az təəccübləndim.
Bugünkü oyunda "Elfsborq"la matçı nəzərə almışdınız?
- Futbolçuların hazır olması lazımdır. Biz hələ rəqibi tam təhlil etdikdən sonra nəsə deyə bilərik. Hələ iki məşqimiz olacaq. Sırf onlarla matçın oyun planı üçün bu gün nəsə etmədik.
Juninyonun əvəzlənməsi yorğunluqla bağlı idi?
- Yox. Oyunun gedişatı və limitlə bağlı idi. Nəriman da sağda yorulmuşdu. Ona görə Kaşuku sağ cinaha buraxdıq və Nərimanı mərkəzə çəkdik.
Heyətdə qapıya uzaqdan zərbə vura biləcək futbolçular çoxdur, amma bunu az-az görürük. Məşqlərdə futbolçulara bununla bağlı tapşırıq verirsiniz?
- Bəli. Tapşırırıq, məşq edirik.
"Araz-Naxçıvan" Premyer Liqanın lideridir. Onlarla rəqabəti hiss edirsiniz?
- Liderdirlər. Əsas bu cür komandalardan ehtiyat etmək lazımdır. Sakit öz işlərini görürlər. Buna sevinirəm, Elmar Baxşıyevə uğurlar arzulayıram, ciddi iş görülüb. Onların oyununu tam analiz etməyə hələ ki, vaxtım yoxdur. Amma mənim üçün çox maraqlıdır. Onlarla matça kimi yaxşı təhlil etməliyik.