"Futbolumuz yaxşı günlər yaşamır, bunu etiraf etmək lazımdır"
"Futbolda işlərimiz çoxdur. Lakin düşünürəm ki, həm yarışlar keçirməli, həm də aşağı yaş qrupundan ibarət idmançılarımıza şans verməliyik. Uşaq futboluna investisiya qoymalıyıq".
Mediasport.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov deyib.
Jurnalistlərə açıqlama verən nazir "Qarabağ"dan misallar çəkərək Azərbaycan futbolundakı çatışmazlıqlardan narahat olduğunu bildirib:
“Qarabağ” son illərin daimi çempionudur. Bu komandaya rəqib olmalıdır ki, inkişaf etsin. “Qarabağ” elə səviyyədədir ki, Avropa da uduzanda təəssüflənirik və “niyə udmadı” deyirik. “Qarabağ”ın necə “artırmalı” olduğunu da düşünməliyik, rəqabət yaranmalıdır.
Amma geriyə baxsaq, ilk mərhələni keçə bilmədiyimiz günlər də var idi. Bəli, futbolumuz yaxşı günlər yaşamır, bunu etiraf etmək lazımdır. Burada birgə iş olmalıdır. Nazirlik kimi nə etdiyimizi vurğulamaq istəyərdim. Ötən ilin əvvəllərində “Ulduz” akademiyasını yaratdıq. Bölgələrdən perspektivli uşaqları akademiyaya cəlb edirik.
Bakı kəndlərinin birində qalırlar, eyni məktəbə gedirlər və məşq edirlər. Aşağı yaş qruplarından ibarət çempionatlara baxsanız, görərsiniz ki, birinci və ikinci yerlərdə məhz bu akademiyanın komandaları qərarlaşıb. Amma o komandaları beynəlxalq yarışlara yollayanda, məsələn, Rusiyadan olan həmkarları ilə oynayanda böyük fərqlə uduzurlar".
F.Qayıbov stadionların təmir olunmasının vacibliyini qabardıb:
“Biz artıq bunu etməyə başlamışıq. Təbii ki, idman infrastrukturundan danışmalıyıq. Stadionlar təmir olunmalıdır.
Bir çox rayonlarda stadionlar var. Bunu tək edə bilmirik, özəl şirkətlər də dəstək göstərməlidir. Deyək ki, hansısa stadionu təmir etdik. Axı orada komanda da oynamalıdır.
Həmçinin sonrakı işlər var. Komandaya baxmaq lazımdır. Artıq II Liqa da var. Nəticə istəyirik. Qonşumuz Gürcüstanı görürük və təəsüflənirik.
İstərdik ki, bizim komanda da belə nəticələr əldə etsin. Futbol elə bir mövzudur ki, çox danışmaq olar. Faktlarla danışmalıyıq. Daha çox uşaq futboluna sərmayə yatırmalıyıq ki, milli üçün yüksək səviyyəli futbolçular yetişsin”.