Prezident MDB Oyunlarında neçə min iştirakçının olacağını açıqladı
"Bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır".
Mediasport.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı səsləndirib.
O deyib ki, üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir:
"Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi. Gəncə şəhərində isə 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün əlbəttə ki, şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi.
Biz təbii olaraq bu Oyunlara hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər".
Qeyd edək ki, MDB Oyunlarının 2025-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulub.