Rəşad Sadıqov: "Daha yuxarı yerlər uğrunda mübarizə aparmaq istəyirik"
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "CBC Sport" telekanalına açıqlama verib.
MediaSport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis hazırlıq prosesi barədə fikirlərini bölüşüb, qarşıdakı planlardan danışıb.
Sadıqov məqsədlərinin yenidən avrokuboklara vəsiqə qazanmaq olacağını bildirib:
"10 gündür hazırlığa başlamışıq. Digər klublarla müqayisədə daha erkən toplaşdıq. Hər şey qaydasında gedir. Transfer dövründə hazırlıqdan önəmli seleksiya işidir. O yöndə də çalışmalarımızı aparırıq. Yüni mövsüm başlayanda istədiyimiz performansı yaxalamaq üçün əlimizdən gələni edirik. Futbolçu var ki, az oynayırdı, daha çox oynamaq istəyirdi, futbolçu var ki, əsas heyətə düşə bilmirdi, bəzi futbolçular da var idi ki, düşünürdüm, dəyişikliyə ehtiyac var. Futbol hərəkətli idman növüdür və daim burada dəyişikliklərə ehtiyac olur. Bundan sonra 4-5 futbolçu transfer etməyi planlaşdırırıq. Mövqeləri tam açıqlamıram. Amma ən azı 5 transfer olacaq. Hər il olduğu kimi bu il də ən azından Konfrans Liqasına vəsiqə qazanmaq, mümkün qədər daha yuxarı yerlər uğrunda mübarizə aparmaq istəyirik".