"Neftçi"də vəzifəyə gəldi, Himayəçilər Şurasından ayrıldı
Futbolun İnkişaf Fondunun (FİF) Himayəçilər Şurasının iclası keçirilib.
Mediasport.az xəbər veir ki, iclasda Himayəçilər Şurasının sədri Yunis Hüseynov və üzvləri Anar Həsənov, Asim Xudiyev, Fəxrəddin Manafov, Sona Abbasova, Şaiq Qəribzadə, Vəli Qasımov iştirak edib.
Tədbiri giriş sözü ilə açan Himayəçilər Şurasının sədri Yunis Hüseynov fondun 2024-cü il ərzində imzaladığı sponsorluqlar, baş tutan tədbirlər və layihələr haqda qısa məlumat verib.
Daha sonra Himayəçilər Şurası Rüstəm Əfsərlinin “Neftçi”də fəaliyyəti ilə əlaqədar öz razılığı ilə üzvlükdən ayrılmasını təsdiq edib.
Tədbirin davamında fondun icraçı direktoru Tural Piriyev FİF-in 2024-cü il üzrə fəaliyyəti, Biznesin İnkişafı şöbəsinin müdiri Babək Sarıvəlili region futbol klubları ilə imzalanan tərəfdaşlıq müqavilələri, oyun günü təcrübəsinin artırılması ilə bağlı görülən işlər, data analitika üzrə baş mütəxəssis Günel Şərifova isə futbol və idman idarəetməsi sahəsində çalışan mütəxəssislərin ixtisaslarının artırılması və bu sahə üzrə yerli kadrların hazırlanması məqsədilə FİF-in “Futbol idarəetməsi” təhsil proqramı barədə geniş hesabatla çıxış ediblər.
İclas Himayəçilər Şurası üzvlərinin fikirləri və təkliflərinin müzakirəsi formatında davam edib.