"Sabah"ın baş məşqçisi "Bazel"ə məğlubiyyəti bu cür şərh etdi
"Bu matçlardan çox dərs aldıq və indi oyunçularımızı daha da inkişaf etdirmək üçün yaxşı təcrübəmiz var. Uduzsaq da, ilk oyundan sonra komandada olan irəliləyişdən razı qaldım".
Mediasport.az xəbər verir ki, bu sözləri "Sabah"ın U-19 komandasının baş məşqçisi Adino Mustedanagiç deyib.
Xorvatiyalı mütəxəssis UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsinin "Bazel"lə (İsveçrə) cavab qarşılaşmasından sonra fikirlərini bildirib:
"Cütün taleyi ilk matçda həll olunmuşdu, buna baxmayaraq, "Bazel" bu qarşılaşmada əsas heyət üzvlərinə şans vermişdi. Yüksək rəqabətli oyunun şahidi olduq. Görüşdə qapıya zərbələrin sayı bərabər idi, bəzi anlarda topu özümüzdə saxlamağı bacardıq.
Məqsədimiz o idi ki, futbolçularımızın hər biri ilk oyundakından daha yaxşı çıxış etsinlər. Fikrimcə, onlar bunu bacardılar. Bəlkə də növbəti mövsümdə də UEFA Gənclər Liqasında oynaya biləcək futbolçulara şans verərək, onların müəyyən təcrübə toplamalarına şərait yaratdıq.
Həmin futbolçulardan biri də bu qarşılaşmada qol vurmağı bacardı. Bu matçlardan çox dərs aldıq və indi oyunçularımızı daha da inkişaf etdirmək üçün yaxşı təcrübəmiz var".
Qeyd edək ki, "Sabah" "Bazel"ə 0:6 və 1:2 hesabları ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.