"Bayer"in məşqçisi yanıma gələrək, çıxışıma görə məni təbrik etdi"
"Klubda atmosfer yüksək səviyyədədir. Qurban Qurbanovun tək burada yox, artıq Avropada böyük nüfuzu var. "Qarabağ"da fikirlər nəzərə alınır, amma son söz baş məşqçiyə məxsusdur”.
Mediasport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın cinah futbolçusu Marko Veşoviç deyib.
Monteneqro millisinin üzvü ölkəsinin mətbuatına müsahibə verib.
O, əvvəlcə UEFA Avropa Liqasındakı çıxışları barədə danışıb:
"Avrokubok oyunları zamanı bütün yerli klubların azarkeşləri, demək olar ki, bizi dəstəkləyir. “Bayer”lə cavab oyununda vurulan iki qolda iştirak etdim. Matçdan sonra rəqibin baş məşqçisi Şabi Alonsonun köməkçisi yanıma gələrək, çıxışıma görə məni təbrik etdi. Oyunumdan hər kəz razı qalmışdı, hətta evə qayıdandan sonra restoran sahibi mənə öz hesabına şam yeməyi təklif etdi".
33 yaşlı müdafiəçi Ağdam təmsilçisi ilə müqaviləni yeniləyən həmyerlisi Marko Yankoviçin buna layiq olduğunu qeyd edib:
“O, komandada ən hazırlıqlı futbolçulardan biridir. “Braqa” ilə görüşlərdə (4:2, 2:3) meydanın mərkəzinin lideri idi, əlavə vaxtda da yüksək səviyyədə oyun nümayiş etdirdi".
Veşoviç növbəti mövsümdə də avrokuboklarda uğurla çıxış edəcəklərinə inandığını vurğulayıb, Bakıda xoşbəxt olduğunu diqqətə çatdırıb:
“Ümid edirəm ki, Avropada yenidən uğur qazana biləcəyik. Bəlkə daha yaxşısını etdik. Azərbaycanda yaşamağa gəlincə, burada hava çox xoşuma gəlir. Polşada da yaxşı idi, ancaq mənfi 10 dərəcə temperaturda oynamağı heç vaxt sevməmişəm. Buranın mənim üçün digər bir özəlliyi hamının, demək olar, rus dilində danışmasıdır. Azərbaycan dili bir qədər çətindir. Bəzən məşqdə ingilis dilində danışırıq".