"Bizim üçün çətin durumdu. Zədəli oyunçularımız var idi. Bu oyunda da itirdiyimiz oyunçular oldu. Həftəboyu “Sabah”a qarşı mübarizə aparacaq komanda qurmuşduq. Səmimi olmalıyıq və bildirməliyik ki, rəqib hazırda yaxşı durumdadı. İlk hissədə istədiyimiz şeyləri etməyə çalışırdıq. Amma sonluğu gətirə bilmirdik. Ata Caberin, Qodsvey Donyonun qol epizodları oldu. Bütün bunların fonunda fasiləyə 0:2 məğlub yollandıq. İkinci yarıda da üçüncü qolu buraxmalıydıq ki, komanda ayılsın. Son 20 dəqiqədə yüksək təzyiq yaratdıq. “Sabah”ın oyunçuları ancaq yerdə uzanmaqla vaxt itirirdi. Biz azlıqda idik. Bəxtimiz gətirsəydi, Yeqor qol epizodundan yararlansaydı, matç 3:3 də bitərdi. Bir neçə problem var ki, onları həll edə bilmişik. Gündən-günə zədəliləri bərpa etməyə çalışırıq".
mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 11-ci turunda "Sabah"a 2:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.
Hesab ədalətli oldu?
- Ədalətli nəticə onda deyərdim ki, hakim hər iki tərəfə də eyni qərarları verərdi. Hakim bəzi anlarda fərqli qərarlar verirdi. Səkkiz dəqiqə artırmışdı, amma cəmi iki dəqiqə futbol getdi.
“Turan Tovuz”a da qalib gələ bilmədiz. Komandanı bugünkü oyuna yaxşı hazırlaya bilməmişdiz?
- Çoxlu səbəblər gətirmək olar. Amma biz evdə uduzmuşuq və bu, yaxşı hal deyil. Az öncə dediyim kimi, bir neçə problem var və onları həll etmişik. Fikri versəz, bir neçə aparıcı oyunçumuzdan istifadə edə bilmirik. Məcburuq ki, futbolçuların mövqeyini dəyişək. Bu da onlar üçün asan deyil. Mövsümün əvvəlində heyəti quranda hər mövqedə iki oyunçu olmasına çalışırdıq ki, rəqabət yaransın. Bu cür problemləri gözləmirdik. Oyunçuların itkisi məşqlərdə də öz təsirini göstərir. Hər məşqə əsas heyətdən 11-12 futbolçu olur. Buna baxmayaraq, son 20 dəqiqə komandamın reaksiyası, mübarizəsi xoşuma gəldi.
“Neftçi” əsas rəqiblərinə üç oyunda uduzub. Bunu necə şərh edərdiz?
- Doğrudu, amma oyunlara baxsaq, “Sabah”la birinci matçda hesab açılmamışdan qabaq üç real qol imkanımız var idi. Onlar penaltidən yararlanmadıqdan sonra ilk yarının sonunda qol vurduq. Vurduğumuz ilk qol bizə daha çox motivasiya verməliydi. Amma bundan istifadə edə bilmədik və məğlub olduq. “Qarabağ”la oyuna gəldikdə, biz 45 dəqiqə yaxşı oynadıq, lakin həmin matçda da istədiyimizi qazana bilmədik. Komandanı qurmaq üçün vaxta ehtiyac var. Hazırda səbəblər gətirmək istəmirəm, haqlısız, uduzmuşuq. Amma bu rəqiblərlə daha üç oyunumuz var. Biz hazırda yaxşı mövqedə deyilik deyə, çox danışmaq da olmaz. Daha əzmkar çalışmalıyıq. Rəhbərliklə hansı mövqeləri gücləndirmək lazım olduğu barədə danışmışıq. Əminliklə deyə bilərəm ki, komandamız daha da güclənəcək.
Yeddinci tura qədər komandanın işi pis getmirdi. Bəlkə Rumıniyada yaşadığınız hadisələr özünüzə psixoloji tərəfdən təsir edib?
- Xeyr, belə deyil. Çox oyunçumuzu itirdik. Bu periodda 9 oyunçu itkimiz var. Bəli, “Qarabağ”a uduzduq. “Turan Tovuz”la matçda bərabərə qaldıq. Səbəb axtarmaq istəyirsizsə, sizin haqqınızdı. Amma mən bunu siz dediyiniz məsələ ilə əlaqələndirmirəm. Pozitiv insanam. Rəhman Hacıyev, Eddi İsrafilov, Azər Əliyev, Azər Salahlı aparıcı oyunçulardı. Onları başqası ilə əvəzləmək çətindi.
Mamadu Mboc hücumda Yeqor Boqomolski və Qodsvey Donyodan daha yaxşı idi. Donyo isə cinahda effekt verirdi...
- Mən də sizin gördüklərinizi gördüm. Bu günə qədər bilmirdim ki, Donyo cinahda vinger kimi oynaya bilir. Mbocun istədiklərimi etdiyini demək olmaz. Hücumda top uğrunda mübarizə aparırdı. “Sabah” daha sadə oynamağa çalışırdı. Dərhal da hücumu fikirləşirdilər. Heç vaxt mətbuat konfransında oyunçularım haqda danışmıram.
Oyunçularınız məşqlərdə zədələnir...
- Xeyr, belə deyil. Məşqdə zədələnməyiblər.
“Neftçi” sanki zərbə alandan sonra ayılır. Bu, nə ilə bağlıdı?
- “Qarabağ” və “Sabah”la oyunlar haqda danışırıqsa, biz daha çox xal toplamalıydıq. Bu cür hallar baş verir. Bəzən elə olur ki, ilk yarıda yaxşı oynayırıq, ikinci hissə də yox. Bu gün isə ikinci daha yaxşı idik.