"Kiməsə rahat demək olmur ki, getmək lazımdır" - Ayxan Abbasov
"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə "Neftçi"yə məğlub olub.
Mediasport.az xəbər verir ki, Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov 2:3 hesablı yenilgi haqda danışıb.
Əvvəlcə matç barədə fikirlərini bildirən mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Çətin və maraqlı oyun oldu. Hesabda geri düşsək də, qolları vurduq. Hər qoldan sonra hesabda önə çıxa bilərdik. Amma imkanlardan yaxşı istifadə edə bilmədik. İkinci hissədə 11-ci dəqiqədə rəqib ilk dəfə cərimə meydançamıza daxil oldu. Təəssüf ki, qol buraxdıq. Bu gün ustalıq qalib gəldi. "Qəbələ" ilə matçı çıxsaq, rəqiblərlə başabaş oynamışıq. Davam etmək lazımdır. Bilirdik ki, çətin olacaq. Yeni gələnlər var. Amma oyundan-oyuna yaxşılığa doğru gedirik. Təslim olmaq olmaz. Ruhdan düşsək, çətin olacaq. Futbolçuların arxasındayıq, birlikdə bu durumdan çıxacağıq".
Komanda əks-hücumlardan oynasaydı, hesab başqa cür ola bilərdi?
- Mən futbola hücum, əks-hücum kimi yanaşmıram. Mövsümün əvvəlində demişdim ki, bu il oyunu otuzdurmaq lazımdır. Amma çətin olacaq. Oyunu otuzdurmaq istəyiriksə, boşluqlar olacaq. Qol epizodlarına giririk, istifadə edə bilmirik. Qollar buraxırıq. Əks-hücum, müdafiə oynasaydıq...Bunu özümüzə yaxın buraxmıram. Bəzi mövqelər var, orada ya futbolçular artırmalıdır, ya da gələcəkdə ora uyğun oyunçular tapmalıyıq.
Üçüncü qol sanki ofsayddan vuruldu. Bu haqda sizin fikriniz necədir?
- Artıq hakimlik haqda danışmaq istəmirəm. Bu gün eşidirəm, hakim deyir, VAR-dakı bildirdi ki, top başqa oyunçudan çıxıb. Autu səhv verir. Başa toxunuş varsa, dərhal matç dayanmalıdır. Top bizdə olanda dərhal saxlanılır. VAR-da olan hakim yəqin xətti çəkib.
Gedəcək futbolçuların siyahısını hazırlamısız?
- Bu dəqiqə hər kəsin müqaviləsi var. Kiməsə rahat demək olmur ki, getmək lazımdır. Son oyunlardan sonra fikirləşəcəyik. Güclənmək lazımdır.
Faiq Hacıyev çox top itkisinə yol verirdi.
- Faiq iki il əvvəl birinci diviziondan gəlib. Gənc yaşlarında U-16, U-17 yığmalarında oynayıb, sonradan eniş olmuşdu. Yaxşı formadadır. Hücum planında daha yaxşı ola bilərik. Amma ümumilikdə ondan razıyam.