"Şamaxı" ilə matçda əsl "Turan Tovuz"u görmək istəyirəm"
"Gəncədə oynamaq xoşdur. Gözəl atmosfer var idi. "Kəpəz" azarkeşləri həmişəki kimi komandalarına ruh verirdilər. Bizim azarkeşlərə də təşəkkür edirəm. Ağır qrafikdəyik. Oyunların yorğunluğundan əlavə, həm də zədəlilərimiz var. Bəzi futbolçuları meydana buraxaraq risk etdik. Çünki onlar yenidən zədə ala bilərdilər. Matçın mahiyyətini bilirdik. Bizə xal lazım idi. Aşağı pillələrdə olan rəqiblər yaxınlaşır. Meydanda mübarizəli oyun keçdi. Həm rəqibin, həm də bizim epizodlarımız oldu. 1 xal qazanıb aşağı pillələrlə fərqi qoruya bildik. Fasilə olacaq. Çalışacağıq ki, zədəli futbolçularımızı geri qaytaraq. Yavaş-yavaş istədiyimiz oyunu görməyə başlayırıq".
mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.
Premyer Liqanın 14-cü turunun "Kəpəz"lə(0:0) matçından sonra Tovuz klubunun çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb.
Şəhriyar Əliyevin zədəsi nə dərəcədə ciddidir?
- Şəhriyar üç oyundur ağrı ilə oynayır. "Qarabağ"la matçda da son dəqiqələrdə onu meydandan çıxardıq. Bu gün onun oynamağı daha riskli idi. Bəlkə də Şəhriyarı uzun müddətlik itirə bilərdik. Belə görüşlərdə mərkəz müdafiəçisini əvəzləmək risk tələb edir. Bizim üçün futbolçuların sağlamlığı önəmlidir. Müayinədən sonra durumu bilinəcək.
"Qarabağ"la matçdan sonra demişdiz ki, bizi "Kəpəz"lə daha çətin oyun gözləyir. Düşündüyünüz kimi oldu?
- "Kəpəz" son görüşlərdə xallar qazanır. Çempionatda asan oyun yoxdur. Bir xal və ya qələbə üçün çox əziyyət çəkmək lazımdır. Oyunun mahiyyətini dərk edirdik. "Kəpəz" qələbə qazansaydı, bizə yaxınlaşacaqdı.
"Şamaxı", "Qarabağ" və "Kəpəz"lə matçlarda qarşınıza neçə xal toplamaq məqsədi qoymuşduz?
- Qarşımıza konkret məqsəd qoya bilmirik. Bu, bir az çətindir. Düşünürdük ki, ən azı 4 xal yığa bilərik.
Ölkə kubokunda hədəfiniz nədir?
- Çempionatda yaranan fasilə zədəli oyunçuların qayıtması baxımından önəmli olacaq. İki cəbhədə oynamaq çətin olur. Futbolçulara dedim ki, istirahəti yaxşı keçirib, "Şamaxı" ilə matçda əsl "Turan Tovuz"u görmək istəyirəm.