"Təkliflər çoxdur, məşqçilər korpusu nəzərdən keçirir" - "Qəbələ" rəsmisi
"Komandadan gedənlər var, çox güman ki, ayrılanlar yenə olacaq. Transfer çalışmalarımız davam edir".
Bu sözləri mediasport.az saytına açıqlamasında "Qəbələ"nin Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.
Klub rəsmisinin sözlərinə görə, müqavilələri başa çatmış futbolçularla danışıqlar davam etdirilir: "Bilirsiz ki, məşqçilər korpusu ilə yeni müqavilə bağladıq. İndi əsas aktual məsələ oyunçularla bağlıdır. Həm bizimlə müqavilələri bitən, həm də kənardan maraqlandığımız futbolçularla danışıqlar aparırıq. Komandadan ayrılan futbolçuların yerlərinin doldurulması istiqamətində də işə başlanılıb. Təkliflər çoxdur, bunları məşqçilər korpusu nəzərdən keçirir. Hələlik yekun seçim yoxdur".
Qeyd edək ki, mövsümü ölkə kubokunu qazanmaqla başa vuran "Qəbələ" məşqçilər - Elmar Baxşıyev, Xaqani Məmmədov, Rasim Ramaldanov və Vüqar Məmmədov, futbolçulardan İlkin Qırtımov, Emil Səfərov, Ürfan Abbasov, Murad Musayevlə başa çatan müqavilələri yeniləyib. Ramon Maçado, Məqsəd İsayev və Andrey Strijak isə klubu tərk edib.