"Bunlar narahat olduğum məqamlardır - Tələb deyil, istəkdir"

"Bunlar narahat olduğum məqamlardır - Tələb deyil, istəkdir"

"Bu il Avropada son oyunumuza çıxırıq. Bizim üçün çox vacib matçdır. Futbolçularım, demək olar ki, tam hazırdırlar. Çox yaxşı hazırlıq keçiblər".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində sabah qəbul edəcəkləri "Hekken"lə görüşdən əvvəl keçirilən mətbuat konfransında qarşılaşmaq barədə fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibin də bəzi müsahibələrindən görürük ki, oyuna çox ciddi yanaşırlar. Qrupu xalsız tərk etmək istəmirlər. Nəzərə almalıyıq ki, qarşımızda çox istəkli rəqib olacaq. İnanıram ki, həm psixoloji, həm taktiki cəhətdən futbolçularım oyuna tam hazır olacaqlar. Oyunçularıma inanıram. Oyuna kimi futbolçularımıza daha ətraflı məlumat verəcəyik və bəzi tam işləmədiyimiz detalları bu gün, sabah tam ətraflı çalışacağıq.


Kevin Medinanın yoxluğu sizi nə dərəcə narahat edir? Veşoviç oyuna tam hazırdır?

- Çox istəyərdim ki, bu oyunda hamı iştirak etsin, hamı sağlam olsun. O cümlədən də Medina. Qrupda ikinci yerdə olmaq şansımız varsa, futbolçular hamısı bunu haqq edib. Əfsuslar olsun ki, Medina Bakıda da olmayacaq. Dünən əməliyyat olunub. Özü ilə görüntülü danışdım. Bakıda olmağı çox istəyirdi. Dedi ki, hiss edin ki, yanınızdayam. O, əsas oyunçularımızdan biridir. Meydanda olmasını istəyərdik. Amma bu gün bunu düşünməli deyilik. Sırf oyun haqda düşünməliyik. Hansısa problemimiz varsa, onu necə aradan qaldırmaq haqda fikirləşməliyik. İnanıram ki, digər oyunçular bunu bacaracaqlar. Dəfələrlə görmüşük ki, 2-3 əsas futbolçumuz oynamayıb, amma digərləri onları çox düzgün, çox bacarıqlı sığortalaya biliblər. Medinaya tezliklə geri dönməyi arzulayırıq. Allah qoysa, tezliklə dostlarının, komandasının yanında olar. Marko Veşoviçə gəlincə, vəziyyəti normaldır. Sabah səhər də məşqimiz olacaq. Əgər hər şey qaydasında getsə, inanıram ki, Marko meydanda olacaq.

Meydanın ot örtüyü necədir?

- Hər şey qaydasındadır. Burada nadir hallarda güclü yağışlar olur. Bir az əvvəl meydanda dəyişiklik olub. Bayaq gəzdim, baxdım. Əsl futbol havasıdır, əsl futbol göstərəsi meydançadır. Yaxşı oyun göstərmək üçün hər şey qaydasındadır.

İlk dəfə Avropa Liqasının qrupundan çıxa bilərik. Hansı hissləri keçirirsiz?

- İlk dəfə deyil belə vəziyyətlə üzləşmişik. Bir neçə dəfə son matçda şanslarımız olub. Hətta son saniyələrdə nəticəni əldən vermişik. Bu gün də şansımız var. Futbolçularımla danışıram, istək çoxdur. Bütün azarkeşlərdə, sizdə, futbol ictimaiyyətində də həmçinin. Bunlar narahat olduğum məqamlardır. Tələb deyil, istəkdir. Hansı ki, futbolçulardan istənilir. Biz çox soyuqqanlı olmalıyıq. Səhvimizin az olmasına çalışmalıyıq. Rəqibə qarşı necə hazırlaşırıqsa, hansı hücumları qurmalıyıqsa, bunu düşünməliyik. Futbolçular bunu yerinə yetirməlidir. Şansımız var ki, bundan istifadə edək. Çalışacağıq ki, meydanda düzgün, səhvsiz oyunla bunu yerinə yetirək. Daim istəyirik ki, minimum nəticələri qoruyub-saxlayaq və imkan olduqca, irəli gedək. Bunun üzərində çalışırıq. Futbolçular sabah çalışmalıdır ki, ən təcrübəli və düzgün oyunlarını oynasınlar. Bunu bacaracaqlarına əminəm.