"Qarabağ" ölkə çempionatları tarixinin rekordunu təkrarladı
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanmaqla ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb.
Mediasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 görüşün yarısından çoxunda 3 və ya daha çox top fərqilə qalib gəlib.
Bunadək 4 dəfə iştirakçılardan biri ilk 13 turda 7 oyunda rəqiblərini ağır məğlubiyyətə uğradıb.
Buna nail olan ilk kollektiv Sumqayıt “Xəzər”idir. Komanda 1992-ci ildə belə uğur qazanıb.
“Kəpəz” 1994/1995, “Neftçi” isə iki dəfə - 1996/1997 və 2000/2001 mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib.
“Qarabağ” son 24 ildə buna nail olan ilk komandadır.
Qeyd edək ki, Ağdam təmsilçisi cari mövsümdə “Araz-Naxçıvan”ı 4:1, “Kəpəz”i 3:0 və 5:0, “Neftçi”ni 4:0, “Şamaxı”nı 3:0, “Zirə”ni 4:0, “Səbail”i 3:0 hesabı ilə məğlub edib.