"Zaur Tağızadə elə ona görə də "qızıl oğlan"dır" - Qurban Qurbanov
"Futbolçularımı təbrik edirəm. Bu oyuna köklənmək bir az çətin idi. Amma onlar bunu bacardılar. Heyətdə xeyli dəyişiklik etmişdik. Çatışmazlıqlar oldu, lakin üstünlüyü saxlaya bildik".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 24-cü turunun "Sumqayıt"la oyunu haqqında fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Qarşıda çətin və sıx qrafik olduğunu nəzərə alsaq, düşünmürsüz ki, "Braqa" ilə oyundan əvvəl "Qəbələ" ilə matçın təxirə salınmaması daha yaxşı olardı?
- Bu həftə oyun olmasaydı, daha yaxşı olardı. Amma bundan əvvəl də bizə lazım idi, yəni, "Braqa" ilə oyuna daha yaxşı hazırlaşmaq üçün. Ona görə təxirə salındı. Bu dəfə də müraciət etmişdik ki, yenə təxirə salsınlar. Ancaq alınmadı, proqram təsdiqlənib deyə çətin olduğunu bildirdilər. Başqa çıxış yolumuz yoxdur, "Qəbələ" ilə oyuna gedəcəyik. İstirahət olsaydı, daha yaxşı idi. Çünki "Braqa" ilə cavab oyunundan sonra futbolçularımın istirahətə daha çox ehtiyacı var idi. Ehtiyatlanırdıq, futbolçular tam bərpa olunmamışdılar. Başqa qərar qəbul olunubsa, gedib "Qəbələ" ilə oynamalıyıq.
Bəs "Neftçi" ilə oyunun təxirə salınması necə, buna görə müraciət edəcəksiz?
- Həm "Neftçi", həm də "Qəbələ" ilə oyun təsdiqlənib. İki oyununun təxirə salınmasının çətin olduğunu dedilər.
"Bayer"in düşərgəsində olmuşduz və Şabi Alonso ilə görüşmüşdüz. Oradakı söhbətlərinizdə Alonso komandasının hansı zəif və hansı güclü tərəfləri barədə sirrləri açdı?
- Daha çox nəyə üstünlük verməsi ilə bağlı söhbətimiz oldu. Bəzən oyunun gedişatında oyunun üslubunda dəyişiklik edir. Bunu analizlərdə də görmüşdük, oyunlarına çox baxmışdıq. Almaniyadakı matçda fərqli tələbləri var idi, Bakıdakı görüşdə fərqli. Düşündüklərimiz var idi, onu özü də dedi. Futbolun dili birdir. Oyunçuların ustalıq səviyyəsi, oyun sürəti, ilboyu o tempə dözmək... Bu, daha üstün cəhətdir.
Türkiyə mətbuatında yayılan xəbərlərə görə, "Fənərbağça"nın skautları Juninyonu Bakıda "Braqa" ilə cavab oyununda stadiondan izləyiblər. Bununla bağlı məlumatınız var, ümumiyyətlə, sizə hər hansı müraciət olub?
- Xeyr.
Komanda Premyer Liqada artıq relsə düşüb və bu gün fərq çox böyükdür. Azərbaycan çempionatında rəqiblərin sizə qarşı "dişsiz" olması sizə nə qədər ziyandır? Demək olar ki, rəqibiniz yoxdur...
- Mənim üçün cavab vermək çətindir. Biz bu çempionata, oyunlara uyğunlaşmışıq. Oyunçuları lazım olan dərəcədə, qaydada hazırlayırıq. Azərbaycan futbolu üçün daha da böyük çempionat olsa, biz qarışıq hamımız güclənsək, azarkeş üçün maraqlı olar. Amma bugünkü potensialımız budur və bununla da razılaşmalıyıq.
Oyunlarda azarkeş sayının çox olmaması sırf çempionatın səviyyəsinin aşağı olması ilə əlaqədardır?
- Azarkeş stadionda olanda oyunlar gözəl, daha yaxşı görünür, futbolçular daha aktiv olurlar. Futbolun səviyyəsini qaldırmaq üçün azarkeş amili böyük rol oynayır. Futbolçu potensialından daha da artığını etməyə çalışır. Azarkeşlər gəlsə, hamımız sevinərik. Oyunçular daha çox qol vurmaq istəyər. Daha çox faydası var. Amma əfsuslar olsun ki, vəziyyət belədir.
Son vaxtlar Adama Diakabiyə yerli çempionatda maksimum şans verirsiz. Yayda onun hansısa kluba icarəyə göndəriləcəyi gündəmdədir?
- Bizim tərəfimizdən belə fikir olmayıb. Biz klub, məşqçi olaraq ona heç nə deməmişik. Sadəcə, mətbuatda "Qarabağ"ın onu göndərmək istədiyinə dair xəbərlər çıxmışdı. Bu da məlumdur. Az oynayırdı, az şans qazanırdı, adını Avropa Liqasında sifariş ərizəsinə salmadıq deyə, belə fikirlər formalaşdı. Lakin Adama bizim futbolçumuzdur, onunla mövsümün sonuna qədər müqaviləmiz var. Ona görə gündəmdə belə bir şey yoxdur.
Ötən konfransda köməkçiniz Elçin Rəhmanovdan danışıldı. Başqa bir köməkçiniz Zaur Tağızadə mətbuata olduqca qapalı insandır. Bunun səbəbini özündən soruşmusuz, ümumiyyətlə, onunla bu mövzuda söhbətiniz olub?
- Elə ona görə də "qızıl oğlan"dır (gülür). Zaur həqiqətən də "qızıl oğlan"dır. Hamı onun xətrini çox istəyir. Futbolçu vaxtlarında da müsahibələrini nadir vaxtlarda görürdüm. Hərənin öz işi var. Sizlərə müsahibə lazımdırsa, mən verirəm, nə sualınız varsa, verin (gülür). Onlar da öz işləri ilə məşğul olsun. Bilmirəm, müraciət etmisiz? Məncə, yox deməz, problem olmaz.
Səsiniz tutulub. Avrokuboklardakı sevinclə bağlıdır, yoxsa xəstələnmisiz?
- Bilmirəm (gülür). Amma nə olubsa, o oyunda olub. Özümü yaxşı hiss edirəm.