AFFA topdaşıyan uşaqlara görə klubu cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
Mediasport.az xəbər verir ki, yığıncaqda aşağı dəstədə baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
“Füzuli” – “Göygöl” oyununun 90-cı dəqiqəsində “Göygöl” klubunun 7 nömrəli futbolçusu Vüqar Əşrəfli ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Göygöl” klubu 300 manat cərimə edilir (maddə 43.3);
“Baku Sportinq” – “Qusar” oyununda “Qusar” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);
“Sheki City” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilir (maddə 37);
“Sheki City” – “Kür-Araz” oyununda “Sheki City” klubunun 20 nömrəli futbolçusu Süleyman Rauflu meydançada 4 nömrəli futbol formasında oynadığına görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 75.4);
“Sheki City” – “Kür-Araz” oyununun 80-ci dəqiqəsində “Sheki City” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sheki City” klubu 80 manat cərimə edilir (maddə 52.1);
“Sheki City” – “Kür-Araz” oyununda “Sheki City” klubunun azarkeşləri tərəfindən rəqib futbolçular kütləvi şəkildə təhqir edildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Sheki City” klubu 50 manat cərimə edilir (maddə 43.7);
“Şəmkir” – “Kürmük Qax” oyununda topdaşıyanlar topla artıq rəftarlar etdiyinə görə “Şəmkir” klubu 50 manat cərimə edilir (maddə 74.2);
“Şəmkir” – “Kürmük Qax” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Şəmkir” klubu 50 manat cərimə edilir (maddə 70);