Bu federasiya Ümumdünya İdman Federasiyalarının üzvü seçilib
Dünya Alpaqut Federasiyası (DAF) Ümumdünya İdman Federasiyalarının Baş Assosiasiyası (GAWSF) tərəfindən tanınaraq rəsmi üzvlüyə qəbul edilib.
Mediasport.az xəbər verir ki, bununla əlaqədar GAWSF rəhbərliyi federasiyanın prezidenti, millət vəkili Jalə Əhmədovaya məktub ünvanlayıb və təsdiq edilmiş üzvlük sertifikatını göndərib.
Ümumdünya İdman Federasiyalarının Baş Assosiasiyası çoxsaylı beynəlxalq, kontinental, milli idman federasiyaları və qurumları üçün çətir təşkilatı rolunu oynayır.
Hazırda GAWSF-nin 370-dən çox beynəlxalq, kontinental və milli üzv federasiyaları var. Qurumun bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq müqavilələri var. GAWSF-nin əsas məqsədi idman və bədən tərbiyəsi fəaliyyətini, idman sənayesini və təhsilini dünya miqyasında inkişaf etdirməkdir.
Alpaqut idman növü Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE), Beynəlxalq İdman Hamı üçün Assosiasiyası (TAFİSA), Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (FairPlay), Beynəlxalq İdman Şəbəkəsi Təşkilatı (ISNO), Beynəlxalq Döyüş Növləri Oyunları Komitəsi (IMGC) tərəfindən rəsmən tanınıb. DAF eyni zamanda Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatlarına da üzv olub.
Qeyd edək ki, fevralın 12-də fəaliyyətə başlayan Dünya Alpaqut Federasiyası (WAF) bu döyüş sənətini təbliğ etmək, digər ölkələrdə alpaqut klublarını, federasiyalarını idarə etmək məqsədilə yaradılmış beynəlxalq qeyri-kommersiya və qeyri-hökumət idman təşkilatıdır.