AVRO-2026-nın püşkü atılacaq: Millimiz 3-cü səbətdə yer alacaq
Mayın 30-da final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək futzal üzrə AVRO-2026-nın əsas mərhələsinin püşkü atılacaq.
Mediasport.az xəbər verir ki, 40 komanda (6 milli - Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək.
Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək.
İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək.
Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlanacaq.
Artıq komandalar UEFA reytinq cədvəlindəki yerlərinə uyğun olaraq səbətlərə bölünüb.
Reytinq cədvəlinin 16-cı pilləsində qərarlaşan millimiz 3-cü səbətdə yer alıb və qrupunun ikinci komandası olacaq.
3-cü səbətdə yer alan komandalar qrup mərhələsində millimizin rəqibi olmayacaqlar.
1-ci səbət (qrupunun 4-cüsü)
Albaniya, Norveç, Yunanıstan, Türkiyə, Kipr, İsveçrə, Bolqarıstan, Andorra, Malta, Avstriya
2-ci səbət (qrupunun 3-cüsü)
Belarus, Moldova, Belçika, Şimali Makedoniya, Almaniya, İsveç, Monteneqro, Kosovo, İngiltərə, Danimarka
3-cü səbət (qrupunun 2-cisi)
Niderland, İtaliya, Çexiya, Rumıniya, Azərbaycan, Gürcüstan, Slovakiya, Macarıstan, Ermənistan, Bosniya və Herseqovina
4-cü səbət (qrupunun 1-cisi)
Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Ukrayna, Xorvatiya, Finlandiya, Fransa, Polşa, Sloveniya, Serbiya
Qeyd: UEFA İcraiyyə Komitəsinin qərarı ilə bu komandalar eyni qrupda yer ala bilməzlər:
Belarus və Ukrayna, Kosovo və Bosniya və Herseqovina, Kosovo və Serbiya
AVRO-2026-nın oyun günləri:
Əsas mərhələ: 9-18 dekabr 2024, 27 yanvar – 5 fevral 2025, 3-12 mart 2025, 7-16 aprel 2025.
Pley-off / püşkatma: 15 may 2025
Pley-off / oyunlar: 15-24 sentyabr 2025
Final mərhələsi (Latviya və Litva): 18 yanvar – 8 fevral 2026