"Nəfəsimizin sonuna qədər mübarizəmizdən dönməyəcəyik"
“Əlbəttə, Bakıdakı oyunun o cür olmasını istəməzdik. Amma sabah daha bir vacib sınağımız var. Hər şeyimizi meydanda qoyacağıq. Allah da bizim tərəfimizdə olacaq, inanıram".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Futzal Federasiyasının mətbuat xidmtinə açıqlamasında yığmamızın üzvü Eduardu Borgeş deyib.
Milliləşdirilmiş braziliyalı bir neçə gün öncə Bakıda uduzduqları Qazaxıstanla oyunu yaxşı analiz etdikərini deyib:
"Qazaxıstanla ilk matçımızı yenidən analiz etdik. Demək olar, qolların hamısını hədiyyə etdik. Bəzi epizodlarda anlaşılmazlıq oldu və ya ötürmələrdə səhvə yol verdik. Amma üçüncü qolda hakimin qərarı anlaşılmaz oldu. Oyunu saxlamaq üçün fit verdi, mən də topu ayağımda saxladım, bu zaman rəqib futzalçı topu məndən götürdu və qol vurdu. Halbuki fitdən sonra oyun dayandırılmalı idi ki, mən də onu etdim. Rəqib də fair-play-ə əməl etmədi. Üstəlik, Felipinyoya qarşı qayda pozuntusu zamanı rəqib qapısına penalti təyin olunmadı. Elə də Bastosa qarşı.. Niyəsə hakimin fiti susdu".
Borgeşin sözlərinə görə, ilk qarşılaşmadakı bu məqamlar bugünkü duelə daha yaxşı hazırlaşmaqlarına kömək olub:
"Təbii ki, bunlar bizi cavab oyununa daha yaxşı köklənməyə vadar edir. Rəqib meydanında oynayacaq olsaq da, bura müsbət nəticə qazanmaq üçün gəlmişik. Bir sözlə, “müharibə” olacaq. Heç bir halda güzəşt olmayacaq. Nəfəsimizin sonuna qədər mübarizəmizdən dönməyəcəyik”.
Qazaxıstan - Azərbaycan görüşü saat 18:00-da start götürəcək.