Habil Əliyevə min rəhmət...

Habil Əliyevə min rəhmət...

Xəbəriniz oldu da, AFFA-nın yeni rəhbərliyi milyon kərə ölçəndən sonra müdhiş bir qərarla yeniyetmə, növcavan, 70 yaşlı Fernandu Santuşu Azərbaycan milli komandasının baş məşqçisi postuna təyin etdi.

2028-ci il seçmə mərhələnin sonunadək burda işləyəcək. Qismət olsa.

Portuqaliyalı ulduzların 2016-cı ildə Avropa çempionu etdiyi, bugünlərdə Türkiyədən qovulmuş-bitmiş mütəxəssisin qarşısına müqavilədə belə bir bənd qoyulub:

"Rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış".

Adamı həqiqətən gic gülmək tutur. Hönkürtü vurmaq istəyirsən. İnfarktdan ölmürüksə, çox həyasız-sırtıq adamlarıq, demək. Ona görə Allahın da bizə rəhmi gəlmir.

DÇ-2022-də Portuqaliyanı, ardınca Polşanı, dünənədək isə "Beşiktaş"ı quyunun dibinə düşürən vaxtı keçmiş bu adamın bərbad Azərbaycan futboluna nə qazandıra biləcəyini düşünəndə adamın tükləri dik qalxır. Qazandırmaq?

Hə, qaz vurub qazan dolduranlar, xalqın pullarını havaya sovuranlar həmişəki kimi, yenə də qazanacaqlar. Bu dəfə daha çox. Üzü sürtülən, suyu süzülən yetim, sadə futbol azarkeşi olacaq, bir də 3-5 jurnalist, vəssalam.

Çox maraqlıdır, görəsən, aprelin əvvəlində AFFA-nın yeni prezidenti Rövşən Nəcəflə birgə hakimiyyətə gələn səlahiyyət-söz sahibləri - İcraiyyə Komitəsinin yenilənmiş üzvləri hansı əsasla, nə deyib Santuşun gəlişinə razılıq veriblər?

İcraiyyə Komitəsi? Hansı üzvlər? Güləşçi? Ya kiminsə dostunun tanışının həyat yoldaşı? Bəlkə "muzıkant"? Ehh...

İK üzvlərinin kim olduqlarını xatirinizə salım: Səməd Qurbanov, Fərid Mansurov, Xəyal Cəfərov, Qurban Qurbanov, Maqsud Adıgözəlov, Elşad Nəsirov, Balakişi Qasımov, Sərxan Hacıyev, Könül Mehtiyeva, Zaur Axundov, Ülvi Mansurov və Leyla Xəlilova.

Yəni, bunlar həqiqətən utanmadılarmı (inandırıcı deyil, əgər ciddiyyətlə razılıq vermək iqtidarında olublarsa), Santuş variantını dəstəkləyəndə? Heçmi düşünmədilər nəyə razılıq verdiklərinə?..

Gəlin, başa qayıdaq. Sizcə, bunların arasında neçə nəfərin futboldan başı çıxır? Başı çıxmaq bir yana, neçəsinin futbol anlayışı var, ümumiyyətlə?

Fikirləşirsən? Ay sağ ol.

Ahın göylərə, Azərbaycan!

Bu yerdə el arasında mərhum kaman ustadı Habil Əliyevlə bağlı çox maraqlı əhvalatfason şayiələrdən biri yada düşür. Çoxları bilir. Lətifə də demək olar buna.

Deməli, günlərin birində müğənni Ədalət Şükürov əfsanəvi kaman ifaçısına yaxınlaşır:

- Habil müəllim, məni təbrik edə bilərsiz, fəxri ad almışam.

Mərhum sənətkar duruxub az fikrə daldıqdan sonra:

- Adə, onlar verirdilər-verirdilər, bəs sənin abır-həyana nə gəldi ki, götürdün?...

Odur ki, lap 100 yaşı olsa, Santuşu qınamayaq, niyə gəlib havayı pulunu qazanmamalıdır ki? Dəli-zaddı bəyəm, yox desin?! Sabah-birigün qovulanda da qəpiyinə qədər təzminatını alıb gedəcək. Abır-həya elə ona qalıb?


P.S. Qurban Qurbanovun bu gün Fernandu Santuşun təyinatı zamanı keçirilən onlayn konfransda iştirak etməməsi, sizcə, təsadüfdür? Təbii ki, yox!

İcraiyyə Komitəsində, ümumiyyətlə, ölkədə futbolu bilən, dərk edən 2-3 dürüst adam varsa, birincisi Qurbanovdur.

Mediasport.az