Zərifə Hüseynova Dünya çempionatında tarix yazdı - FOTO

Zərifə Hüseynova Dünya çempionatında tarix yazdı - FOTO

Qılıncoynatmanın sablya növündə yeniyetmə idmançımız Zərifə Hüseynova Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin Dünya çempionatında tarixi nəticəyə imza atıb.

mediasport.az xəbər verir ki, 17 yaşlı təmsilçimiz yalnız finalda məğlub olaraq mundialın gümüş medalını qazanıb.

Qrup mərhələsini 5 qələbə ilə bitirən Zərifə yarımfinala gedən yolda Bolqarıstan, Koreya Respublikası, İtaliya və Macarıstanı təmsil edən sablyaçılara qalib gələrək ən güclü 4-lüyə yüksəlib.

İdmançımız yarımfinalda ABŞ sablyaçısı Jenna Şomana 15:13 hesabı ilə qalib gəlib. Finalda Macarıstan qılıncoynadanı Emese Domonkosa 12:15 hesabı ilə uduzaraq Azərbaycanın qılıncoynatma tarixində ilk dəfə gümüş medalı təmin edib.

Zərifə Hüseynova daha öncə 2021-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilən Dünya çempionatında bürünc medal qazanıb.