Badmintonçularımızdan 1 qızıl, 1 gümüş medal və reytinq xalları
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Əlcəzairdə keçirilən “İnternational” seriyalı “Algeria İnternational 2023” beynəlxalq turnirdə kişi badmintonçuların şəxsi kateqoriyasında qızıl medal qazanıb.
Mediasport.az xəbər verir ki, turnirə əsas mərhələdən başlayan təmsilçimiz ilk görüşündə yerli idmançı Daud Aymeni (21-6,21-16) mübarizədən kənarlaşdırıb.
Edi növbəti görüşündə polşalı Dominik Kvintaya 2:0 (21-17,21-16) qalib gəlib. 1/4 finalda Fransa idmançısı Yanis Qodin təmsilçimizlə görüşü zədə səbəbindən davam etdirə bilməyib.
Beləliklə, ilk seti 15-7 hesabı ilə öndə olan Edi Reski Dviçayo ən güclü dördlüyə yüksəlib. O, yarımfinalda İtaliya badmintonçusu Kristofer Vittorianı 2:0 (21-18,21-11) məğlub edib. Finala qədər keçirilən görüşlərdə rəqiblərinə bir set belə, verməyən Edi qələbə seriyasını həlledici görüşdə də davam etdirib.
Badmintonçumuz Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Fransalı Saça Leveklə dueldə ilk seti 15-21 hesabı ilə geridə bitirsə də, digər iki setdə (21-13,21-18) rəqibindən üstün oyun sərgiləyərək “Algeria İnternational 2023” turnirinin qızıl medalını əldə etməklə yanaşı, hesabına 2500 reytinq xalı yazdırıb.
Yarışda iştirak edən digər idmançımız Keişa Fatimə Zəhra da “Algeria İnternational 2023” turnirini medalla başa vurub.
Turnirin yarımfinal mərhələsinə kimi irəliləyən qadın badmintonçumuz şəxsi yarışda 1750 reytinq xalı toplayaraq bürünc medala sahib çıxıb.
Keişa Fatimə Zəhra ən güclü dörlüyə yüksəlmək uğrunda keçirilən görüşlərdə Əlcəzair, Fransa və İtaliyanı təmsil edən badmintonçulara qalib gəlib, finalın bir addımlığında şəxsi yarışda turnirin qalibi fransalı Rosi Oktaviaya 3 set davam edən görüşdə 1:2 hesabı ilə uduzub.