Bakıda Beynəlxalq Çövkən Federasiyasının əsası qoyulub
Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə bağlı Birinci Baş Assambleya işinə start verib.
Mediasport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində keçirilən tədbirə bütün qitələri əhatə edən 19 ölkədən 29 nümayəndə qatılıb.
Açılış mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və xarici ölkələrdən olan qonaqlar iştirak ediblər.
Baş Assambleyanın startında öncə Elçin Quliyev qonaqları salamlayıb:
"Çövkənin Azərbaycanda yaranması bir çox mənbələrdə əksini tapıb. Çövkən XII əsrdən başlayaraq yaradılan bir çox atüstü oyunların təkmilləşdirilmiş formasıdır. Beynəlxalq Çövkən Federasiyasının hazırkı təsis iclası böyük önəm kəsb edir. Əsas məqsədimiz çövkəni inkişaf etdirməkdir. Əminəm ki, faydalı əməkdaşlığımız sayəsində Beynəlxalq Çövkən Federasiyasının fəaliyyətini ən yüksək səviyyəyə çatdıracağıq".
Fəxri qonaq Çingiz Hüseynzadə federasiyanın yaradılması təşəbbüsünü təqdirəlayiq addım adlandırıb:
"Qonaqları əmin etmək istəyirəm ki, Milli Olimpiya Komitəsi bu idman növünün inkişafına dəstək verəcək. İnanıram ki, bu federasiya yaşayacaq və gələcəkdə mötəbər yarışlar təşkil edəcək".
Fərid Qayıbov da qonaqları salamlayıb çövkənin Azərbaycan üçün çox önəm kəsb etdiyini vurğulayıb. Nazir tarixi günün yaşandığını və çövkənin inkişafı üçün hər cür köməyə hazır olduqlarını bildirib.
Birinci Baş Assambleya fevralın 2-də işinə davam edəcək. Həmin gün yeni yaradılan federasiyanın Əsasnaməsi təsdiq olunacaq, eyni zamanda prezident və vitse-prezidentlər postuna seçkilər keçiriləcək.