"Artıq hər iki şahmatçı Azərbaycan millisinə əsas namizəddir"
"Yarış dairəvi, daha sonra isə yarımfinal və final sistemi ilə keçirildi".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov kişi şahmatçılar arasında ölkə çempionatının mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, finalda qarşılaşan Aydın Süleymanlı və Məhəmməd Muradlının şəxsi reytinqlərini yüksəltdiklərini bildirib:
"Artıq hər iki şahmatçı Azərbaycan millisinə əsas namizəddir. Onlar üçün xüsusi təqaüd proqramı olacaq”.
Federasiya prezidenti kişi və qadın yığmalarının sentyabrda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası üçün heyətinin iyulda dəqiqləşəcəyini söyləyib:
"Ölkə çempionatında olan nəticələrə uyğun olaraq Azərbaycan millisinin tərkibini müəyyənləşdirəcəyik".
Onun sözlərinə görə, növbəti ildə reytinqindən asılı olmayaraq, bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər.
Qeyd edək ki, Aydın Süleymanlı finalda Məhəmməd Muradlıya qalib gələrək ilk dəfə Azərbaycan çempionu olub.