Elçin Quliyev yenidən federasiya prezidenti seçilib - VİDEO
Azərbaycan Respublikası Atçılıq Federasiyasında (ARAF) 2023-cü ilin idman nəticələrinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Mediasport.az xəbər verir ki, tədbirdə hesabat məruzəsi ilə çıxış edən federasiyanın baş katibi Bəhruz Nəbiyev il ərzində ölkə ərazisində keçirilən tədbirlər, beynəlxalq turnirlərdə iştirak və əldə olunan nailiyyətlər barədə məlumat verib. Federasiyanın fəaliyyət sahələrinə daxil olan hər bir atçılıq idman sahəsi üzrə tədbirlər barədə qısa, hesabat xarakterli videomateriallar təqdim olunub.
Daha sonra il ərzində əldə olunmuş nailiyyətlərə əsasən, xüsusi nominasiyalar üzrə qaliblər elan olunub. Qalibləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və ARAF-ın prezidenti Elçin Quliyev təltif ediblər.
Tədbirin ikinci hissəsində federasiyasının ümumi yığıncağı keçirilib. Yığıncaqda federasiyanın prezidentinin və vitse-prezidentlərinin, idarə heyəti üzvlərinin seçkiləri baş tutub və Elçin Quliyev növbəti 5 illik müddətə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti seçilib.
E.Quliyev ona göstərilən etimada görə minnətdarlığını bildirərək, Prezident İlham Əliyevin bütün idman növlərinə, o cümlədən də atçılığa göstərdiyi xüsusi diqqət və qayğısı, bu idman növünün inkişafı, həmçinin gələcək planlar, xüsusilə komandaların sayının artırılması və atçılığın hər bir növünün ayrılıqda inkişaf məsələləri, federasiyanın qarşısında duran məqsədlər və görüləcək işlər haqqında fikirlərini yığıncaq iştirakçılarına çatdırıb. Federasiyanın prezidenti 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarına atçılıq üzrə vəsiqə qazanılmasının əsas prioritet məsələ olduğunu bildirib.
Çingiz Hüseynzadə federasiyanın yeni seçilmiş rəhbər heyətini təbrik edib və ölkədə atçılığın əhəmiyyətindən, gələcəkdə milli atçılığın növü olan çövkən üzrə beynəlxalq yarışların keçirilməsi imkanlarından danışıb. Atçılığın Olimpiya proqramında ən qədim idman növlərindən biri olan dresaj üzrə milli komandanın artıq formalaşmasını yüksək qiymətləndirib.
Gənclər və idman naziri Fərid Qayıbov atçılığın spesifikliyi, Azərbaycanın bölgələrində də bu idman növünün inkişafı, yeni zavodların fəaliyyətə başlaması məsələlərinə toxunub. Nazir yeni seçilmiş heyəti təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.