Bakıda keçiriləcək Dünya Kuboku loqosunun təqdimatı baş tutdu

Bakıda keçiriləcək Dünya Kuboku loqosunun təqdimatı baş tutdu

İyulun 30-da Bakıda start götürəcək şahmat üzrə Dünya Kubokunun loqosu təqdim olunub.

MediaSport.az xəbər verir ki, loqoda Bakının əsas rəmzlərindən Qız Qalası və şahmatda top fiqurunun elementlərindən istifadə edilib.

Top fiquru ilə qalanın cizgilərində memarlıq cəhətdən oxşarlıq yaradılıb.

Sayca 10-cu dəfə təşkil olunacaq Dünya Kubokunun open yarışında 206, qadınların mübarizəsində isə 103 şahmatçı iştirak edəcək.

Dünya Kubokunda planetin ən güclü zəka sahibləri mübarizə aparacaqlar. Onlar arasında dünya reytinqinin lideri Maqnus Karlsen (Norveç, 2835), yüksək sıralarda qərarlaşan Azərbaycan təmsilçiləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov, eyni zamanda Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland), Qukeş Dommaracu (Hindistan) və digərləri yarışacaqlar.

Qadınların yarışında hazırkı dünya çempionu Yu Vençjun (Çin), Aleksandra Qoryaçkina (FİDE), Xampi Koneru (Hindistan), Katerina Laqno (FİDE), Aleksandra Kostenyuk (İsveçrə), Nana Zaqnidze (Gürcüstan), Mariya və Anna Muzıçuk (Ukrayna) və Günay Məmmədzadə (Azərbaycan) kimi məşhurlar iştirakçılar sırasında yer alacaqlar.

Azərbaycanı Dünya Kubokunda Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə ilə yanaşı, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Nicat Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Əsədli, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva da təmsil edəcəklər.

Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Yarışın ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Dünya Kuboku Bakıda 8 illik fasilədən sonra ikinci dəfə  keçiriləcək.