Kişilər arasında ölkə çempionatının yarımfinalçıları müəyyənləşib
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 9-cu turun partiyaları oynanılıb.
Mediasport.az xəbər verir ki, bununla da ölkə birinciliyinin yarımfinalçıları müəyyənləşib.
Çempionatın lideri Məhəmməd Muradlı Abdulla Qədimbəyliylə xalı yarı bölüb, Aydın Süleymanlı Vüqar Manafovu məğlub edib.
Vüqar Rəsulov Read Səmədovu üstələyib, Xəzər Babazadə ilə Toğrul Həsənzadənin qarşılaşması heç-heçə yekunlaşıb.
Reqlamentə əsasən, 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar yarımfinalda mübarizəni davam etdirəcək.
Sabah başlanacaq yarımfinalda 9 turdan sonra lider Məhəmməd Muradlı dördüncü yerdə qərarlaşan Vüqar Rəsulova, 2-3-cü yerləri tutan Aydın Süleymanlı isə Xəzər Babazadəyə rəqib olacaq.
Yarımfinal iki oyundan ibarətdir.
Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb.
Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.