Dünya çempionu: "Oynadığım hər saniyədən zövq almaq istəyirəm”
"Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir".
mediasport.az xəbər verir ki, bu sözləri yeniyetmələr arasında Dünya və ikiqat Avropa çempionu Aydın Süleymanlı deyib.
O, memorialda elit şahmatçıların mübarizə aparacağını bildirib: "Bu, indiyədək iştirak edəcəyim ən böyük və qapalı turnirdir. Dünya səviyyəli qrossmeysterlərin mübarizə apardığı bu yarışda oynamaq mənim üçün o qədər də asan deyil. Əsas məqsəd gözəl oyun nümayiş etdirmək və özümü yaxşı tərəfdən göstərməkdir. Oynadığım hər saniyədən zövq almaq istəyirəm”.
A.Süleymanlı 2021-ci ildə “Vüqar Həşimov” klubunun heyətində klublararası Avropa kubokunda bürünc medala sahib çıxıb. Qrossmeyster 2019-cu ildə milli komandanın heyətində Türkiyənın Çorum şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi olub.
"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.
Turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17-24 dekabr tarixlərində “Fairmont Baku” hotelində baş tutacaq.