14 Qarabağ atı Türkiyədə beynəlxalq festivalda iştirak edir
Türkiyənin İstanbul şəhərində VI Etnosport Beynəlxalq Mədəniyyət Festivalına start verilib.
Mediasport.az xəbər verir ki, 30-dan çox ölkənin iştirak etdiyi və Dünya Etnosport Konfederasiyası tərəfindən keçirilən festivalda ölkəmiz Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 52 nəfərdən ibarət nümayəndə heyəti, 14 Qarabağ atı və Ankarada səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə qurulmuş “Azərbaycan çadırı” ilə təmsil olunur.
Minlərlə ziyarətçi qəbul edən mötəbər tədbirdə nümayəndə heyətimiz əsasını nümayişləri hər il iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanan Qarabağ atları, milli musiqimiz və zərif Azərbaycan rəqslərinin təşkil etdiyi “Koroğlu”nun adını daşıyan möhtəşəm şou-kompozisiya ilə çıxış edəcək.
“Azərbaycan çadırı”nda ölkəmizin milli-mədəni dəyərləri, eləcə də milli musiqi və rəqsləri, müxtəlif bölgələrimizə aid xalçalar, Azərbaycan kəndlisinin həyat tərzini əks etdirən ev əşyaları, milli geyimlər iştirakçılara təqdim olunacaq.
Festival iyunun 9-dək davam edəcək.