"Bu uşaqlardan 10-15 nəfəri milliyə cəlb etməyi planlaşdırırıq"
"Bu gün start götürən yarış Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Qış dünya çempionatı üçün lisenziya xarakteri daşıyır".
Mediasport.az xəbər verir ki, bu sözləri atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Hakim İbrahimov Qış ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis martın 1-3-də təşkil olunacaq mundiala lisenziya uğrunda əsas mübarizənin üç atlet arasında gedəcəyini bildirib: “Bunlar Kəskin Abbaszadə, Nazim Babayev və Yekaterina Sarıyevadır. Sabah yekunlaşacaq ölkə turnirində ən yaxşı nəticəni göstərən atlet dünya çempionatına yollanacaq. Nazim Babayevin şansı çoxdur".
Hakim İbrahimov Olimpiya lisenziyalarının sayının artması üçün əllərindən gələni etdiklərini vurğulayıb: "Bunun üçün çox çalışırıq. Hətta regionlara gedib oradan istedadlı idmançıları Bakıya gətirmək istəyirik. Bununla bağlı ötən ilin oktyabr ayında 5 bölgədə 31 nəfəri seçmişdik. Bu uşaqlar arasından 10-15 nəfəri sentyabr ayında milli komandaya cəlb etməyi planlaşdırırıq".
Qeyd edək ki, atletika üzrə Azərbaycan çempionatına yanvarın 27-də yekun vurulacaq.