Cüdo millimiz dünya çempionatında birinci yeri tutdu
Azərbaycanın yeniyetmələrdən ibarət cüdo üzrə milli komandası Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Dünya çempionatının fərdi yarışlarında tarixi nəticə əldə edərək 2 qızıl, 3 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 8 medal qazanıb.
Mediasport.az xəbər verir ki, fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə ümumi hesabda və oğlanlar arasında Yaponiya, Gürcüstan, Özbəkistan, Fransa, Serbiya, İtaliya, Qazaxıstan və Braziliyanı geridə qoyaraq 1-ci yeri tutub.
Bu, Azərbaycan yığmasının indiyə qədər iştirak etdiyi bütün Dünya çempionatlarında həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir.
Cüdoçularımız çempionatda oğlanlar arasında 7 çəki dərəcəsində təmsil olunublar və 6 çəki dərəcəsində turniri müxtəlif əyarlı medalla başa vurublar ki, bu da komandamız üçün özünəməxsus rekorddur.
Oğlanlar arasında -50 kq. çəki dərəcəsində cüdoçularımız Nihad Məmişov qızıl medal, Məhəmməd Məmişov, -60 kq. çəkidə Məhəmməd Musayev və -66 kq. çəkidə Əbil Yusubov komandamızın aktivinə gümüş, -55 kq. çəkidə Mirxaliq İskəndərov, -73 kq. çəkidə Süleyman Şükürov və +90 kq. çəkidə Ramazan Əhmədov bürünc medal yazdırıb.
Qızlar arasında -52 kq. çəkidə Xədicə Qədəşova Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub.
Qeyd edək ki, Dünya çempionatı ilə yanaşı, yeniyetmə cüdoçularımız cari ildə keçirilən Avropa çempionatında və Avropa Gənclər Olimpiya Festivalında medal əyarına görə ümumi hesabda ilk sırada qərarlaşıblar.