17 yaşlı dünya çempionumuz AÇ-də qızıl medal qazandı - TARİXİ NƏTİCƏ
Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatı başa çatıb.
Azərbaycan Kikboksinq Federasiyasından mediasport.az saytına verilən məlumata görə, millimizin daha bir gənc üzvü "Low kick" versiyasında tarixi nəticə göstərərək qızıl medal qazanıb.
Ötən ay İtaliyada gənclər arasında dünya çempionu olmuş 17 yaşlı Amin Quliyev (60 kq) finalda Andres Unsueyə (İspaniya) qalib gələrək böyüklər arasında Avropa çempionu olub.
Digər finalçılarımız - Nihad Tağızadə (Low kick; 51 kq), Amil Məmmədov (Full contact; 51 kq), Məhəmməd İmanov (Full contact; 57 kq) və Elvin Qasımov (K1; 51 kq) türkiyəli rəqiblərinə uduzub.
Azərbaycan idmançılarından Avropa çempionu Amin Quliyev Səudiyyə Ərəbistanında keçiriləcək Ümumdünya Döyüş Oyunlarına, Avropa üçüncüsü Fərid Ağamoğlanov (Full contact; 63,5 kq) isə Polşada baş tutacaq III Avropa Oyunlarına vəsiqə qazanıb.
Beləliklə, Azərbaycan millisi böyüklər və veteranlar arasında keçirilən Avropa çempionatını 4-ü qızıl, 5-i gümüş və 8-i bürünc olmaqla 17 medalla başa vurub.