"Dəstək olan azarkeşlər çoxdur, onların hamısına təşəkkür edirəm"
"Bu günün ən böyük problemlərindən biri təbii ot örtüklü meydançamızın yoxluğudur. Onun olmaması bizə böyük çətinlik yaşadır".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.
Gənc mütəxəssis komandasının ilk dövrədəki çıxışını qiymətləndirib: "Komanda birinci dövrədə 11 xal yığıb. Bizdən aşağı pillədə olan digər komandalara baxırıq, onların arasında da xal yığanlar var. Qol vurmaq sayına baxsaq, 2-ci, 3-cü pillədə qərarlaşmışıq. Düzdür, qol da buraxmışıq. Zəif oyunlarımız da olub, yaxşı oyunlarımız da.
"Qəbələ" ilə 2:2 hesablı bərabərə qalsaq da (6-cı tur), çox maraqlı oyun oldu. Yaxud 5-ci turda "Sabah"a 3:0 hesabı ilə qalib gəldiyimiz matçı qeyd edə bilərəm. Bu oyunları unudub, alınmayan matçlarımızda komandanın oynamadığını qələmə verməklə futbolçuların haqqına girmək olar. Əlbəttə, çətin çempionat gedir və bundan sonra da çətin olacaq. Enişlər-yoxuşlar olacaq".
Azarkeşləri səbirli olmağa çağıran çalışdırıcı neqativ fikirlərin komandaya təsir etməməsi üçün çalışdıqlarını qeyd edib: "Hazırda sosial şəbəkələrdə çox şey müzakirə olunur və hər kəs öz fikrini yazır. Mən yalnız bunu deyə bilərəm: komanda düz yoldadır, səbirli olmaq lazımdır. Heyətə yeni gələn çox futbolçu var. Bu gün "Turan Tovuz"a futbolçu cəlb etmək də çətindir. Keçən il daha çətin idi, bu il bir az asanlaşıb. İnanıram ki, gələn il daha da asan olacaq. Bəzi maneələr var. Onları da aradan qaldıracağıq. İnşallah, yavaş-yavaş iddialı olacağıq. Əlbəttə, ondan sonra hər şey daha yaxşı olacaq".
Ayxan Abbasov daha təcrübəli klubların da çətinliklər çəkdiyini vurğulayıb: "Bu gün çətin keçən çempionatda görürük ki, bizdən təcrübəli komandalar da əziyyət çəkirlər. Bir çox transferlər edirlər, lakin bəhrə vermir. Əlbəttə, hər bir komanda səhv edə bilər. Bizdə də komandaya uyğunlaşmayan futbolçular ola bilər. Şükür Allaha, demək olar ki, futbolçuların çoxu komandaya uyğunlaşıb. Sadəcə, bir az vaxt lazımdır. Bu isə normaldır. Ona görə də inanıram ki, hər şey yaxşı olacaq. Söz-söhbətləri kimlərin çıxardığını bilmirəm. Bəzi məqsədləri olan insanlar var. Ümumilikdə isə bizə dəstək olan azarkeşlər çoxdur, onların hamısına təşəkkür edirəm. Hər zaman dəstəklərini görmüşük və görməyə davam edirik".
Baş məşqçinin sözlərinə görə, "Turan Tovuz" da yayda bahalı futbolçular transfer edə bilərdi, lakin əsas üstünlüyü infrastruktura veriblər: "Bir çox futbolçunu komandaya gətirə bilmirik. Əlbəttə, klub iddialı olmaq istəyirsə, bunları da aradan qaldıracağıq. Bunu qarşımıza məqsəd qoymuşuq. Lakin biz də bu gün işıqlandırmaya, tabloya, bazanın tikilməsinə pullar xərcləməzdik və transfer pəncərəsi zamanı yüksək məbləğli futbolçular gətirə bilərdik. Amma bu, gələcəyimiz üçün bünövrə olmayacaqdı. Ona görə də biz bu yolu seçmişik".
O, azarkeşlərin fikirlərində sərbəst olduqlarını və hamısına hörmətlə yanaşdıqlarını diqqətə çatdırıb: "Neqativ danışan, fikirləşən var. Bunu bütün azarkeşlərə şamil etmək olmaz. Sevinirik ki, bizə inanan, bizi dəstəkləyən azarkeşlər çoxdur. Komanda məğlub olanda da daim yanımızdadırlar. Bəzən xoşagəlməz hadisələr yaşanır. Bunun qarşısını ala da bilmərik, şəxsi fikirlərdir. Hərə futbola bir cür baxır. "Turan Tovuz" keçən il əziyyətlə yığılan komandadır. Həmin əziyyətli günlərdə heç kəs komandanın necə yığıldığını, kimlərin dəstək olduğunu demirdi. Həqiqətən çox əziyyət çəkdik. Azərbaycanda ən böyük problem sponsor problemidir. Şükürlər olsun, "Huner Group" gələndən "Turan Tovuz" inkişaf edir. Stadionda işıqlandırma, tablo, bazanın tikilməsi, yeni meydançaların salınması və.s. gələcəyə hesablanmış planın bir hissəsidir".
Rövşən