Dünya çempionumuzu Olimpiya lisenziyasından 1 qələbə ayırır
Azərbaycan boksçusu Alfonso Dominges Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb.
Mediasport.az xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 finalda hindistanlı Sanjit Sanjiti rahatlıqla məğlub edib - 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28).
Dünya çempionumuz yarımfinal uğrunda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşacaq. Kubalı legionerimiz qələbə qazansa, Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyamızı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də baş tutacaq.
Xatırladaq ki, bu gün Malik Həsənov (63,5 kq) Paris-2024-ə lisenziyaya sahib olmaqla, millimizin aktivindəki vəsiqələrin sayını 4-ə çatdırıb.
Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) əvvəlki yarışlarda Olimpiya Oyunlarına lisenziya qazanıblar.