Yığmamızın 11 üzvündən 7-si finala çıxdı, 2-si bürünc medal qazandı
Macarıstanın Eger şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub.
Federasiyadan mediasport.az saytına verilən məlumata görə, Azərbaycan yığmasının 11 boksçusundan 7-si finala çıxıb, 2-si bürünc medal qazanıb.
51 kq çəkidə Sübhan Məmmədov 1/2 finalda Bertalan Kusa (Macarıstan) qalib gəlib. O, həlledici görüşdə Erik Katona (Slovakiya) ilə üz-üzə gələcək.
Tağı Nəsibov (54 kq) yarımfinalda macarıstanlı Matyas Naqi ilə duelin ilk raundunda tam üstünlüklə qələbə qazanıb. O, finalda Kozak Kevinlə döyüşəcək.
Məhəmmədəli Aşurəliyev (57 kq) yarımfinalda Atilla Farkasa 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) qalib gəlib, finalda Milan Pazmanla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.
Məhəmmədəli Qasımzadə (60 kq) finala gedən yolda Mirko Meşarosanı (Macarıstan) ikinci raundda tam üstünlüklə məğlub edib. Finaldakı rəqibi Levent Olan (Macarıstan) olacaq.
Yarımfinalda Zolt Nemetdən (Macarıstan) üstün olan Fərhad Şeydayev (75 kq-da) qızıl medal döyüşündə İstvan Şüsü (Macarıstan) sınağa çəkəcək.
Qadınların döyüşündə finala çıxan Banuçiçək Nəsirli (46 kq) Silviya Meltzer (Rumıniya), Özləm Həsənova (63 kq) isə Amaliya Tuqu (Rumıniya) ilə mübarizə aparacaq.
Digər iki təmsilçimiz - İnci Məcidli (50 kq) və Ömər Aslanlı (54 kq) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər. Yarışda ölkəmizi 11 boksçu təmsil edir.