"Əgər onlar bizə kömək edə bilsə, yaxşı nəticə qazanacağıq"
Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsinin oyunlarına hazırlığı yekunlaşdırmaq üzrə olan “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio da Silva Mostar şəhərində keçirilmiş ilk məşqdən sonra açıqlama verib.
mediasport.az xəbər verir ki, komandada ab-havanın yaxşı olduğunu deyən braziliyalı mütəxəssis həm görüşlərin keçiriləcəyi arena, həm də istifadə olunacaq toplardan razılığını bildirib.
- Komandada atmosfer yaxşıdır, sadəcə, səfərlə əlaqədar az da olsa, yorğunluq var. Əsas problemimiz isə zədəli futzalçıların durumu ilə bağlıdır. Andreu, Katatau, Sinesi və Ramiz Çovdarovun zədəsi var və onlardan hansının bu oyunlarda bizə kömək edəcəyini dəqiq deyə bilməyəcəm. Bununla bağlı həkim qərar verəcək. Əslində, Ramiz Çovdarovun geri döndüyünü demək olar, o, Mostardakı ilk məşqimizdə iştirak etdi. Digər 3 oyunçu ilə bağlı məsələ konkretləşməyib. İlk oyunda İsveç çempionu “Örebro” ilə qarşılaşacağıq. Çətin görüş olacaq. Müxtəlif variantlarımız var. Rəqibimizin də oyununa bir daha baxacağıq. Yenə deyirəm, vacib olan zədəli futzalçılarımızın meydana çıxıb-çıxmamasıdır. Əgər onlardan ikisi bizə kömək edə bilsə, onda yaxşı nəticə qazanacağıq. Komanda olaraq yaxşı hazırlaşmışıq. Bütün görüşlər bizim üçün finala bərabər olacaq, ilk oyun isə xüsusilə.
"Araz-Naxçıvan" Çempionlar Liqasında "Örebro" (İsveç), "Loznika Qrad" (Serbiya) və "Mostar" (Bosniya və Herseqovina) ilə qarşılaşacaq.