"Komandalar arasında səviyyə fərqi aşkar görünürdü" - Vitali Borisov
“Qol epizodlarımız çox olsa da, hamısını reallaşdıra bilmədik".
Mediasport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov deyib.
O, futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsi çərçivəsində “Sparta Belfast” (Şimali İrlandiya) üzərində qazanılan 7:1 hesablı qələbəni şərh edib:
"Komanda tapşırıqların hardasa 70 faizini yerinə yetirə bildi. Çətinlik çəkməyimizin səbəbi parketlə bağlı ola bilər. Çünki biz sürətli oyuna üstünlük veririk. Bu örtükdə isə top demək olar, zəif sürətlə hərəkət edir. Bu, hər iki komandaya çətinlik yaradan amil idi. İkinci hissədə daha çox epizod realizə etməyi bacardıq.
Hesab daha fərqli ola bilərdi. Komandalar arasında səviyyə fərqi aşkar görünürdü. Əlbəttə, təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, “Araz-Naxçıvan” daha güclü, baxımlı oyun nümayiş etdirdi. Bu qələbə hələ heç nəyi həll etmir. Daha 2 vacib oyunumuz var. Artıq onlar haqda düşünməliyik”.
Qeyd edək ki sabah "Sillamae Silla" (Estoniya) ilə qarşılaşacaq çempionumuz avqustun 24-də isə İsveçin "Uddevalla" klubu ilə münasibətlərə aydınlıq gətirəcək.