Federasiya ABŞ-dən məşqçi gətirib - Millinin Qubada toplanışı başlanıb
Sərbəst güləş üzrə milli komandamızın növbəti təlim-məşq toplanışına start verilib.
Mediasport.az xəbər verir ki, komanda geniş tərkibdə Qubaya yollanıb.
Quba Olimpiya İdman Kompleksində təşkil edilən hazırlıq prosesi martın 10-dək davam edəcək.
Təlim-məşq toplanışında böyüklərlə yanaşı, gənclərdən ibarət yığmamızın üzvləri də yer alıblar.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifov, Oyan Nəzəriani, eləcə də U-20 milli komandanın böyük məşqçisi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 70-dən çox güləşçi həm fiziki, həm də taktiki-texniki çalışmalar üzərində məşq edəcək.
ABŞ-dan dəvət edilmiş fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi də xüsusi fiziki hazırlıq üzrə təmrinlərin həyata keçirilməsində yaxından iştirak edəcək.
Hazırlıq prosesində Qazaxıstan, Rusiya və Belçikadan sınaqçı-rəqiblər (sparrinq) də yer alıb.
Quba toplanışı Bakıda keçiriləcək məsul yarışlara – Avropa Olimpiya Təsnifat turnirinə (5-7 aprel) və U-23 Avropa çempionatına (20-26 may) hazırlıq xarakteri daşıyır.