"Yaşın fərqi yoxdur, çox çalışmaq və çempion olmaq lazımdır" - Hacı Əliyev
Azərbaycanın sərbəst güləş üzrə 4-qat Avropa və 3-qat Dünya çempionu Hacı Əliyev Dünya Güləş Birliyinin rəsmi saytına açıqlama verib.
mediasport.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa birinciliyində karyerasında 4-cü qitə çempionluğunu rəsmiləşdirən təcrübəli idmançımız güləşdən olimpiya çempionu olmaqla getmək istədiyini deyib.
- Bu, mənim son şansımdır. Azərbaycan tarixində dördqat Avropa çempionu olan ilk kişi güləşçisiyəm. Bu, mənim üçün əla nəticədir. Yarışa da çox yaxşı hazırlaşmışdıq. Çoxlu təlim-məşq toplanışı keçirdik. Biz doğru yoldayıq. Ona görə də qalib gəlirik.
İkiqat olimpiya medalçısı fikrini belə tamamlayıb: "Olimpiada qızılını qazanmaq üçün çox çalışacam, əlimdən gələni edəcəyəm. Düşünürəm ki, 32 və ya 34 yaşda olmağın fərqi yoxdur. Yalnız çox çalışmaq və çempion olmaq vacibdir".