Federasiya rəhbəri AÇ-də uğursuz çıxış edən millidən razı qalıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa çempionatında uğursuz çıxışı ilə yadda qalan qadınlardan ibarət millinin üzvləri ilə görüşüb.
Mediasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə qurumun prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyetinin üzvləri, həmçinin yığmanın hazırda Bakıda olan oyunçuları və texniki heyəti iştirak ediblər.
Ş.Bağırov qeyd edib ki, voleybolçular qitə birinciliyində arzulanan nəticəni əldə edə bilməsələr də, sonadək mübarizə aparıblar. O, idmançıların uğurlu çıxış üçün əllərindən gələni etdiklərini vurğulayıb və onlara təşəkkürünü bildirib. Federasiya rəhbəri voleybolçulara ruhdan düşməməyi, bundan sonrakı yarışlara köklənməyi tövsiyə edib.
Ölkədə voleybolun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və nəzərdə tutulan planlardan danışan Ş.Bağırov federasiyanın həm qız, həm də oğlan voleybolçuların yetişdirilməsi ilə bağlı işlər gördüyünü əlavə edib: “Artıq bu məqsədlə seleksiya xarakterli tədbirlər həyata keçirilib, düşərgələr təşkil olunub. Həmçinin bölgələrdə voleybola marağın artırılması və uşaqların bu idman növünə cəlb edilməsi üçün regional klublar, mərkəzlər yaradılır”.
Görüşdə bildirilib ki, bəzi oyunçular artıq klub mövsümünə hazırlıq məqsədilə çıxış edəcəkləri komandaların bazasına yollanıblar, bəziləri isə bir müddət sonra klublarına qoşulacaqlar.
Daha sonra millinin üzvləri və AVF rəhbərliyi Avropa çempionatındakı çıxışla bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Avropa çempionatının C qrupunda mübarizə aparan Azərbaycan millisi 5 xalla 6 komanda arasında 5-ci yeri tutub və 1/8 finala vəsiqə qazana bilməyib.