"Qurban Qurbanovun etdiklərini hətta "Qalatasaray", "Fənərbağça" bacara bilməz" - Rəşad Sadıqov

"Qurban Qurbanovun etdiklərini hətta "Qalatasaray", "Fənərbağça" bacara bilməz" - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Xəzər" tv-də yayımlanan "Zarafat bir yana" verilişinin qonağı olub.

Mediasport.az xəbər verir ki, mütəxəssis "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqqında maraqlı fikirlər səsləndirib.

Ağdam klubunun keçmiş müdafiəçisi deyib ki, Qurban Qurbanovun göstərdiyi nəticələri hətta "Qalatasaray", "Fənərbağça" da təkrarlaya bilməz:

"Qurban Qurbanov elə nəticələr göstərib ki, biz onu qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə, istər Rusiya, Niderland, istərsə də Belçika məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər. “Qarabağ” 10 nəfərlə “Braqa”ya iki qol vurursa, bu, Azərbaycan standartlarına uyğun olmayan nəticələrdir. "Qarabağ"ın "Braqa"ya qarşı göstərdiyi oyunu yalnız kinoda görə bilərik. Mən inanmıram ki, bunu “Qalatasaray” edər, “Beşiktaş” edər".

Qəsəbə klubunun çalışdırıcısı təcrübəli mütəxəssisin bütün fikrinin ancaq oyunlarda, rəqibləri araşdırmaqda-öyrənməkdə olduğunu deyib:

"İşə o qədər vaxt ayırır ki, bazaya birinci gəlir, axırıncı gedir. Nə vaxt bu adamı yığırsan, deyir, rəqibin oyununa baxıram. Qurban müəllim bu gün elementar vatsapda hekayəni necə qoyursan, ona necə baxırsan, onu da bilmir. Adam instaqram nədir, onu da bilmir. Özünü işə o qədər fəda edib ki, bu gün onun yolunu getmək, onun kimi olmaq, məşqçi kimi qeyri-mümkündür”.