"Rəşad Sadıqovla danışdım, söhbətimiz uzun sürmədi"
Qış "transfer pəncərəsi"ndə Tailandın "Buriram Yunayted" klubundan Türkiyə 1-ci Liqa təmsilçisi "Kocaelispor"a keçən Ramil Şeydayev açıqlama verib.
Mediasport.az xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandasının üzvü yeni klubunda çempionluq imkanlarından danışıb:
"Altay"la növbəti turun oyununda debüt etmək istəyirəm. Bu, baş məşqçinin qərarından asılı olacaq. Baş məşqçinin qərarına hər zaman hörmətlə yanaşıram. Çempionluğa doğru addım-addım irəliləmək lazımdır".
O, 19-cu turun "Eyüpspor"la qarşılaşmasından da (2:1) söz açıb:
"Eyüpspor"la matç yaxşı keçdi. Sürətli gedişlər oldu, atmosfer mükəmməl idi. "Eyüpspor" üçün çətin mübarizə alındı. Azarkeşlərimiz sayəsində bunu bacardıq. Çünki rəqibin futbolçularına böyük təzyiq göstərdilər. Açığı, çox xoşuma gəldi".
Ramil Türkiyə klubuna keçmədən öncə vaxtilə "Kocaelispor"da oynayan, hazırda "Zirə"nin "sükanı arxasında" olan Rəşad Sadıqovla danışdığını diqqətə çatdırıb:
"Kocaelispor"a gəlməzdən əvvəl Rəşad Sadıqovla danışdım. Söhbətimiz uzun sürmədi. O, söhbət zamanı daha çox "Kocaelispor" azarkeşlərindən bəhs etdi. Komandanın çox yaxşı azarkeş kütləsinə malik olduğunu bildirdi. "Özünü necə rahat hiss edəcəksənsə, qərarını da ona görə ver" dedi. Mən də bura gəlməyi üstün tutdum".
Şeydayev yeni komandasında yaxşı dostluq əlaqələrinin olduğunu deyib:
"Bura uyğunlaşmaq çox rahat olacaq. Çünki yaxşı dostluq mühiti hökm sürür. Türkiyədə olmuşam, dili bir az bilirəm. Dini baxımdan da heç bir fərq yoxdur. Komanda yoldaşlarımla yaxşı vaxt keçirirəm. Mənim üçün hər şey yaxşı gedir".
Xatırladaq ki, Ramil Şeydayev qış transfer dönəmində "Kocaelispor"la 1,5 illik müqavilə bağlayıb.