"Futbol belədir: oynamırsansa, yerində başqa hazır futbolçu olur"
"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade Mediasport.az saytına müsahibə verib.
"Sabah"la kubokun cavab matçı haqqında fikirləriniz maraqlıdır.
- Çox maraqlı oyun keçdi. Qapımızda daha çox qol gördük. Oyunun sonlarına doğru hesabı bərabərləşdirməyə çalışdıq, amma alınmadı.
Ölkə kubokunun qalibi olmaq şanslarınızı necə dəyərləndirirsiz?
- Addım-addım, oyun-oyun inkişaf edirik. Hazırda ölkə kubokunu qazanmaqla bağlı nəsə demək tezdir. Yekunda hər şeyi görəcəyik.
Kubok oyununa böyükhesablı qələbə ilə çıxmışdız. İki gün sonra "Sabah"la Premyer Liqada üz-üzə gələcəksiz. Elitadakı görüşün hazırlığı daha fərqli olacaq, yəqin.
- Biz komandalar arasında fərq qoymuruq. Bütün oyunlara eyni hazırlaşırıq. Hazırlığımız eyni tempdə keçiriləcək. Futbolun bu tərəfləri də var: həmişə qələbə qazanmaq olmur. Bu gün məğlub olduq. İnanıram ki, növbəti matçda daha yaxşı olacağıq.
Premyer Liqada ən yaxın izləyicinizi xal fərqində çox qabaqlayırsız (16 xal). Bu, növbəti oyunlarda komandanın hazırlaşmasına necə təsir edə bilər?
- Biz heç vaxt belə şeylərə görə arxayınlaşmırıq. Bütün qarşılaşmalara qələbə üçün çıxırıq. Bu, bizim motivasiyamızı daha da artırır.
Qarşıda Avropa Liqasının çətin pley-off oyunu var, "Braqa" ilə ilk duel haqda nə deyə bilərsiz?
- Bizim növbəti oyunumuz "Sabah"la olacaq. Diqqətimizi həmin oyuna yönəltmişik. O görüşdən sonra "Braqa" haqqında danışmaq olar.
Afrika Millətlər Kuboku turnirindən qayıtmısız, yorğunluq var?
- Xeyr. Sadəcə, orada hava çox isti idi. Çətinlik ən çox hava şəraitinə uyğunlaşmaqla bağlıdır. Afrika çox istidir, bura çox soyuqdur.
Yarımfinalda - Cənubi Afrika millisi ilə matçın penaltilər seriyasında nə baş verdi? 5 futbolçudan 4-ü qeyri-dəqiq oldu, sonuncu penaltini də siz qaçırdız.
- (Gülümsəyir) Həmin an bəxt qapıçının yanında idi. Dörd zərbəni dəf etdi. Bu münasibətlə onu yalnız təbrik etmək olar.
Ümumiyyətlə, yarış ərzində az forma şansı qazandız. Bunun səbəbi zədəli olmağınızla bağlı idi?
- Oraya getdiyim həftə zədələnmişdim. Bir həftə məşqlərdən kənar qaldım. Futbol belədir: sən oynamırsansa, yerində başqa hazır futbolçu olur.
Rövşən ƏLİSOY