Mahmud Qurbanov: "Futbolçular onlara şans verildiyini başa düşmür"
"Səbail" Premyer Liqada növbəti məğlubiyyəti 13-cü turda "Sabah"dan aldı.
mediasport.az xəbər verir ki, Masazır klubuna doğma meydanda 0:2 hesabı ilə uduzan "dənizçilər"in baş məşqçisi Mahmud Qurbanov oyun haqda danışarkən deyib ki, planlarını meydanda tətbiq edə bilməyiblər.
Mütəxəssis öncə 8 Noyabr - Zəfər Günü ilə bağlı təbriklərini çatdırıb.
- Qarşıdan gələn Zəfər Günümüzü təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can-sağlığı versin. Ağır şəraitdə torpaqlarımızın keşiyində dayanan hərbçilərimizi Allah qorusun. Oyuna gəldikdə, pis başlamadıq. İtkilərimiz olsa da, qələbə qazanmaq niyyətindəydik. Yaxşı rəqibə qarşı oynadıq. "Sabah" üst pillələrdədi, favorit olsa da, qalib gəlmək istəyirdik. Əfsuslar olsun ki, istəyimizi həyata keçirə bilmədik. Hər halda, oyunçuların ustalıq səviyyəsi özünü göstərdi. Məğlub olanda deyiləsi sözlər çox olur. Amma mətbuat üçün yox, futbolçular üçün. Harada səhvlər etdiklərini futbolçularla danışacağıq. Qələbə qazanmaq istəyirdik, amma təəsssüf ki, uduzduq. Fərdi səhvlər və rəqib oyunçularının ustalığı matçın taleyini həll etdi.
Komandanız 13 turdan sonra cəmi 10 xal toplayıb və turnir cədvəlində 7-cidir. Mövsümün əvvəlində bunu ehtimal edirdiz?
- Bu durumda olmağımızı istəməzdim. Təbii ki, üst pillələrdə ola biləcəyimizi düşünürdüm. Çünki aşağı yerlərdə qərarlaşmaq fikrimiz yoxdu. Reallıq budur ki, aşağı pillələrdəyik. Amma gələcəyə baxaq. Sona qədər mübarizə aparacağıq.
Çox yorğun görünməyiniz komandanın oyunu ilə bağlıdır?
- Əhval-ruhiyyə nəticədən asılıdı. Çalışırıq ki, əlimizdə olan oyunçularımıza şans verək. Məni ən çox narahat edən odur ki, futbolçular onlara şans verildiyini başa düşmür. Uduzmuşuqsa, sanki belə də olmalıdı.
Qışda transferlər olacaq?
- Ona hələ çox vaxt var. Bizi qarşıda ağır oyunlar gözləyir. Ağabala Ramazanov, Ruslan Hacıyev, Elmir Tağıyev, Nihad Qurbanlı bu gün yox idi. Zədə və cəza var idi. Müdafiə olunmaq asandı. Elə hücum etməlisən ki, müdafiəyə də güc düşməsin. Deməzdim ki, cinahlar heç də yaxşı deyildi, sadəcə, effektli deyildi. Sol cinahımız axsayırdı. Çempionat matçlarımız var. Bu dəqiqə oturub qış "transfer pəncərəsi"ni gözləmək doğru olmaz. Doğrudu, bəzi mövqelər var ki, güclənməliyik.
Qapıçı əvəzetməsi nə ilə bağlı idi?
- Hüseynəlini onsuz da dəstəkləyəcəyik. Ötən oyunda müdafiəçimiz səhv etdi, bu gün qapıçımız. Futboldur da, səhvlər olur. İstəyərdik ki, olmasın. Futbolçulara deyirik ki, bacardığınızı etməlisiniz, bacarmadıqlarınızı deyil. Bacarmadığımızı edəndə də ortaya belə mənzərə çıxır. Qapıçını özüm dəyişdim. Həm zədəli idi, həm də düşündüm ki, elə dəyişikliyə ehtiyac var.
Necə futbolçu olduğunuzu görmüşük. Sizin kimi futbol adamının komandasının bu qədər fərdi səhv etməsi necə təsir göstərir?
- Təkcə mənə yox, azarkeşlərə, futbolçulara, məşqçi heyətinə də pis təsir edir. Oynayan dövrdə necəydimsə, həmin iddialar da qalır. Görünür ki, vaxta ehtiyacımız var. Mən də təzəyəm, futbolçular da. Çalışacağıq ki, nəyisə düzəldək. Asanlıqla əmələ gəlmir. Bəhanə etmək istəmirəm. Amma vaxt və bəzi mövqelərə oyunçular lazımdı ki, istədiyimizi ala bilək.Futbolçularla oyundan əvvəl də, sonra da fərdi söhbətimiz olur. Qərarlar düzgün olmur, ötürmə vermək lazım olanda, zərbə vururlar, zərbə vurmaq lazım gələndə, ötürmə edirlər. Bəzi oyunçular var ki, bu oyuna görə onlara fikirlərimi bildirəcəm.
Qışda transferlərdə tələsməmək üçün bəlkə əvvəlcə skaut heyəti qurasız?
- Bəlkə də hansısa futbolçuların transferində tələskənlik oldu. Amma hamısında belə olduğunu düşünmürəm. Əgər yuxarı yerlər uğrunda mübarizə aparacağıqsa, razıyam ki, keyfiyyət önəmlidi. Meydanda təkcə 90 dəqiqə qaçmaq yox, futbol oynamaq, ustalıq nümayiş etdirmək lazımdı. Dediyiniz məsələ gələcəkdə baş verə bilər ki, normal futbolçular tapaq.
Mirabdulla Abbasovun fiziki durumundan razısız?
- Fiziki durumunun yaxşı olmadığını deyə bilmərəm. Sadəcə olaraq, oyun praktikası azdı. Hər şey də bundan irəli gəlir.